"Sərhədçi" Olimpiya İdman Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi davam edir. Sportnet.az-ın məlumatına görə, ikinci yarış günündə qadın güləşi üzrə bütün çəkilərdə qaliblər müəyyənləşib.
Xanım pəhləvanlarımız 2 qızıl medal qazanıblar. Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (60 kq) bütün rəqiblərindən üstün olaraq, fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.
Qeyd edək ki, turnirin qalib və mükafatçılarına diplom, medal və pul mükafatı ilə yanaşı, xüsusi olaraq "Qızıl Qran Pri" üçün İsveçrənin "Breitling" firması tərəfindən hazırlanmış məhdud sayda qol saatı və xatirə döş nişanı hədiyyə edilir. İlk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 3 gümüş, 7 bürünc medal qazanıblar.