Sərbəst güləş üzrə Azərbaycan milli komandasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda ölüb.
Sportnet.az-ın məlumatına görə, bu barədə İŞİD-i dəstəkləyən media resursları xəbər yayıb.
Xəbəri Britaniyanın İHS Analitik Mərkəzinin analitiki Coanna Paraşuk da təsdiqləyib.
Çamsulvarayev din xadimi Məhəmməd Əhmədovla (Əbu Zeyd) birgə Mosul şəhərində öldürülüb. İŞİD-ə qoşulmuş Əhmədov pilotsuz aparatın zərbəsindən dünyasını dəyişib. Zərbə anında Əbu Zeydlə birgə maşında daha 5 nəfər olub. Onların hamısı, o cümlədən, Çamsulvarayev ("Əl-Bara"), Qaraçay-Çərkəzdən olan Əbu-Cabir Medinski, Abdullah Çay, Aldulhəmid Şişani, Ermənistandan olan "Kəşfiyyat" ləqəbli Yusuf adlı şəxs də ölüb.
Qeyd edək ki, əslən dağıstanlı olan Çamsulvara Çamsulvarayev Azərbaycan yığmasının heyətində 2009-cu ildə Avropa çempionu, 2009-cu ildə dünya çempionatının gümüş, 2007-ci ildə bürünc mükafatçısı, eləcə də 2007, 2008 və 2010-cu illərdə Avropa çempionatlarının bürünc mükafatçısı olub. 74 kq çəki dərəcəsində çıxış etmiş pəhləvan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da mübarizə aparıb. Şimali Qafqazda hökumət qüvvələrini dəstəkləyən media resursları Çamsulvarayevin qadın kamikadzeləri ələ alan kimi tanındığını bildirib.