Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Sportnet.az-ın məlumatına görə, bu gün 59 kq, 71 kq, 80 kq və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar. Azərbaycan bu çəkilərin hamısında təmsil olunub. Onların 3-də güləşçilərimiz qızıl, daha bir çəkidə isə bürünc medal qazanıblar.
59 kq çəki dərəcəsində yer alan Murad Məmmədov Litva və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada o, Rusiya təmsilçisini də yenib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
71 kq çəkidə yarışan İslambek Dadov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Bolqarıstan, Moldova, İtaliya və Macarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edən Dadov finala yüksəlib. O, son rəqibi - Gürcüstan idmançısını da məğlub edərək, birinci yeri tutub.
98 kq-da yarışan Orxan Nuriyev ardıcıl olaraq Litva, Rusiya və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimiz Finlandiya təmsilçisinə qalib gəlib və Avropa çempionu olub.
80 kq çəkidəki Eltun Vəzirzadə Slovakiya və Almaniya idmançılarını mübarizədən kənarlaşdırıb. Yarımfinalda Gürcüstan təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. O, Belarus təmsilçisini yenərək, mükafatçılar sırasına düşüb.
59 kq
FİNAL. Murad Məmmədov - Cambolat Lokyaev (Rusiya) - 4:1
1/2 final. Murad Məmmədov - Abdurrahman Altan (Türkiyə) - 9:1
1/4 final. Murad Məmmədov - Justas Petraviçyus (Litva) - 8:0 (41 san.)
71 kq
FİNAL. Ramaz Zoidze (Gürcüstan) - İslambek Dadov - 2:10
1/2 final. İslambek Dadov - Robert Attila Fritş (Macarıstan) - 8:0 (31 san.)
1/4 final. Rikkardo Vito Abbreşia (İtaliya) - İslambek Dadov - 3:8
1/8 final. Valeriu Toderean (Moldova) - İslambek Dadov - 0:11
1/16 final. Krasimir Plamenov Krumov (Bolqarıstan) - İslambek Dadov - 0:11 (81 san.)
80 kq
Bürünc medal görüşü. Yahor Kasyankov (Belarus) - Eltun Vəzirzadə - 2:4
1/2 final. Gela Bolkvadze (Gürcüstan) - Eltun Vəzirzadə - 5:1
1/4 final. Eltun Vəzirzadə - Hans Vaqner (Almaniya) - 3:2
1/8 final. Norbert Sipka (Slovakiya) - Eltun Vəzirzadə - 4:11
98 kq
FİNAL. Matti Elias Kuosmanen (Finlandiya) - Orxan Nuriyev - 1:3
1/2 final. Orxan Nuriyev - Fatih Başköy (Türkiyə) - 5:4
1/4 final. Aleksandr Qolovin (Rusiya) - Orxan Nuriyev - 2:7
1/8 final. Romas Fridrikas (Litva) - Orxan Nuriyev 1:3.