Şamaxıda qətl törətməkdə təqsirləndirilən Orxan Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sportnet.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Eldar İsmayılovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın vaxtlarda keçiriləcək.
Qeyd edək ki, hadisə fevralın 1-də gecə saat 1 radələrində Şamaxının "Yeddi Günbəz" qəbiristanlığında qeydə alınıb.
Şamaxı şəhər sakini 22.07.1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 26.04.1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.
O.Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Qətlə yetirilən Ruslan Surxayev idmanın sərbəst güləş növü ilə məşğul olub.
O, 2013-cü ildə Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionu olub. Bundan başqa, R.Surxayev sərbəst güləş üzrə yeniyetmələr arasında Polşada keçirilən Avropa birinciliyinin qalibi, Tailandda keçirilən Dünya birinciliyinin gümüş mükafatçısıdır.