Dünya Güləş Birliyi (UWW) İcraiyyə Komitəsinin növbəti onlayn iclası keçirilib.
Sportnet.az xəbər verir ki, UWW-nin prezidenti Nenad Laloviçin rəhbərliyi altında baş tutan vebinarda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev də iştirak edib.
Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan gənclər və böyük arasında dünya çempionatlarının təyin olunan vaxtda baş tutub-tutmaması məsələsi açıq qalıb. Bununla bağlı qərar UWW-nin Icraiyyə Komitəsinin növbəti iclasında veriləcək. Oktyabrın 5-də baş tutacaq həmin iclasda pandemiyanın inkişaf tempi nəzərə alınacaq və ilin son mühüm yarışının taleyinə aydınlıq gələcək.
Qeyd edək ki, UWW dekabrın 1-dək beynəlxalq yarışların bir qismini təxirə salıb, böyük əksəriyyətini isə ləğv edib. Bunlar arasında U-15 Avropa çempionatı, yeniyetmələr və 23 yaşadək güləşçilər arasında dünya və Avropa çempionatları, eləcə də gənclər arasında qitə birinciliyi də var.