Polşanın Keltse şəhərində gənc boksçular arasında keçirilən dünya çempionatının beşinci yarış günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Sportnet.az xəbər verir ki, ilk görüşündə Maksat Jusipovu (Qırğızıstan) mübarizədən kənarlaşdırmış Əzrək Bəbirov 1/8 finalda tailandlı Panuvat Çunjan-Atla üz-üzə gəlib. 56 kq çəki dərəcəsində qüvvəsini sınayan azərbaycanlı boksçu bu dueldən də qalib ayrılıb - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Bəbirov 1/4 finalda Aleksey Şendrixlə (Rusiya) döyüşəcək. Görüş aprelin 19-da keçiriləcək.
Nicat Hüseynov (49 kq) debüt qarşılaşmasında Allan Morozovu (Estoniya) sınağa çəkib. 1/8 finala təsadüf etmiş döyüşdə Hüseynov qələbə qazanmaqda çətinlik çəkməyib – 5:0 (30:25, 30:25, 30:27, 29:27, 29:26). Onun 1/4 finalda rəqibi macarıstanlı Levent Hegeduş olacaq. Hüseynov da növbəti döyüşünə aprelin 19-da çıxacaq.
Qeyd edək ki, daha öncə Əli Zamanov (52 kq) 1/4 finala, Cəlal Qurbanovla (60 kq) Murad Allahverdiyev (81 kq) 1/8 finala yüksəlib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.