
İyunun 14-dən 20-dək Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək.
Sportnet.az xəbər verir ki, qitə birinciliyində Azərbaycanı hər 3 güləş növü üzrə milli komandalar təmsil edəcək.
Yığmalar məsul yarışa Bakıda hazırlaşır. Sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, qızlar isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir.
Yunan-Roma güləşi üzrə yığma isə Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında böyük məşqçi Taleh İsrafilovun tapşırıqlarını icra edir.
Qeyd edək ki, analoji yarış sonuncu dəfə 2019-cu ildə İtaliyanın Faenza şəhərində keçirilib. Həmin Avropa çempionatında Azərbaycan güləşçiləri uğurlu çıxış edərək 4 qızıl, 3 gümüş, 8 bürünc olmaqla, ümumilikdə 15 medal qazanmışdı.