2022-ci ildə Azərbaycanda cüdonun yaranması və inkişafının 50 illiyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) fəaliyyətinin 30 illiyi qeyd olunacaq.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu barədə ACF-nin vitse-prezidenti Elnur Məmmədli və baş katibi Rəşad Rəsullunun Beynəlxalq Cüdo Federasiyasının (IJF) baş direktoru Vlad Marinesku ilə görüşündə bildirilib.
Yubileylə əlaqədar birgə tədbirlərin keçirilməsi qərara alınıb.
Marinesku Azərbaycan kimi dünyanın aparıcı cüdo ölkəsinin təmsilçilərini IJF-nin Macarıstanın paytaxtı Budapeştdəki mənzil-qərargahında salamlamaqdan böyük məmnunluq duyduğunu söyləyib. O qeyd edib ki, iki qurum arasında çoxillik əməkdaşlıq mövcuddur: "2009-cu ildən Azərbaycanda demək olar ki, hər il IJF-nin aparıcı turnirlərindən biri təşkil edilib. Qurum həmçinin Azərbaycanda cüdonun inkişafı ilə bağlı müəyyən layihələrə dəstək verib".
Marinesku Azərbaycanda bu idman növünün daha da inkişaf etidirlməsi ilə bağlı birgə layihələrin müəyyənləşdilməsi baxımından görüşün mühüm əhəmiyyətini vurğulayıb.
Məmmədli isə öz növbəsində dünya cüdosunun əsas mərkəzində olmaqdan və görüş üçün imkanın yaradılmasından məmnunluq ifadə edib. O, görüş nəticəsində təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu bildirib.
Daha sonra IJF və ACF arasında əməkdaşlıq imkanları, Azərbaycanda cüdonun inkişafı istiqamətində birgə layihələr və geniş beynəlxalq təcrübənin ölkədə tətbiqi məsələləri müzakirə edilib. ACF rəsmiləri Azərbaycanda cüdonun populyarlaşdırılması və kütləviləşdirilməsi istiqamətində həyata keçirilən, planlaşdırılan tədbirlər barədə məlumat verib, qarşılıqlı fikir mübadiləsi aparıb.
Cüdonun idman növü kimi inkişafında ən açar rol oynayan məşqçilər heyətinin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində qarşılıqlı əməkdaşlıqda artıq real addımların atıldığı vurğulanıb. Bildirilib ki, IJF-nin nəzdində olan akademiya ilə əməkdaşlıq çərçivəsində 50-dək yerli məşqçi martdan təhsil almağa başlayacaqlar. Əməkdaşlıq istiqamətində növbəti addımlar, xüsusilə də hakimlər heyətinin təhsili üzrə layihə müzakirə edilib.
Cüdonun uşaqlar və gənclər arasında təbliğatı məqsədi ilə IJF-nin “Məktəblərdə Cüdo” layihəsinin Azərbaycanda həyata keçirilməsinin vacibliyi vurğulanıb. Cüdonun gənc nəslin fiziki sağlamlığı ilə yanaşı, təhsil və təlim-tərbiyəsində mühüm rol oynadığı qeyd edilib.
Görüş zamanı 4 - 6 noyabrda Bakıda keçiriləcək Böyük Dəbilqənin yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə edilib.
2022-ci ildə Azərbaycanda cüdonun yaranması və inkişafının 50 illiyinin və ACF-in fəaliyyətinin 30 illiyinin qeyd ediləcəyi vurğulanıb və bununla bağlı birgə tədbirlərin keçirilməsi qərara alınıb.
Bundan başqa, IJF-nin cüdonun rəqəmsallaşdırılması sahəsində malik olduğu geniş təcrübənin Azərbaycanda tətbiqi məsələləri, həmçinin azərbaycanlı mütəxəssislərin qurumun müxəlif komitələrində təmsil edilməsi imkanları istiqamətində də fikir mübadiləsi aparılıb və növbəti addımlar müəyyən edilib.