UFC (Mütləq Döyüş Çempionatı) ilə müqavilə bağlamış azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov Bakıya gəlib.
Sportnet.az xəbər verir ki, "Qara Canavar" ləqəbli Sadıxov avqustun 16-da "Dana White`s Contender Series" turnirində əfqanıstanlı Əhməd Süheyl Həsənzadəyə qalib gəlməklə UFC ilə müqavilə bağlayan 3-cü azərbaycanlı ünvanına sahib çıxıb.
peşəkar MMA karyerasında ardıcıl 7 döyüş qalib gələn 28 yaşlı idmançıdan müsahibə götürüb.
– Azərbaycana qayıtdınız. Təəssüratlarınız necədir?
– Atam, anam, nənəm və babam buradandır. Valideynlərimin bağlı olduğu ölkəyə gəlmək necə təsir bağışlaya bilər?!
– ABŞ-a nə vaxt köçmüsünüz?
– 6 yaşımda ABŞ-a köçmüşəm. Orada təhsil almışam. Ona görə də mənə müsahibə zamanı azərbaycanca danışmaq çətindir. Lakin ingilis və rus dilində danışmağı bacarıram.
– Azərbaycandan köçməyinizə səbəb nə oldu?
– Mən Rusiyanın paytaxtı Moskvada doğulmuşam, valideynlərim orada yaşayıb. Daha sonra ABŞ-ın Nyu-York şəhərinə köçmüşük.
– Avqustun 17-də UFC 5 idmançı ilə müqavilə bağladığını açıqladı. Onlardan biri də siz idiniz. Bunu gözləyirdiniz?
– UFC dünyada ən yaxşı MMA təşkilatıdır. "Bellator" və IFL-dən (Beynəlxalq Döyüş Liqası) də mənə təklif gəlmişdi. Amma arzum UFC-yə düşmək idi. Bunun üçün də UFC ilə müqavilə bağlamağa üstünlük verdim.
– UFC-də ilk rəqibinizin kimliyi bilinir?
– Hələ bilinmir, bunun üzərində iş gedir. Ümidvaram ki, noyabr-dekabrda ilk döyüşüm olacaq. Döyüş Nyu-York ştatının Medison şəhərində baş tutmalıdır.
– UFC-də sizdən qabaq daha 2 azərbaycanlı yer alıb. Rafael Fiziyev və Nəriman Abbasovla hər hansısa əlaqələriniz varmı?
– Fiziyevlə 2017-ci ildə Tailandda birgə məşq keçmişik. Onunla çox yaxın münasibətimiz var. Abbasovla isə heç vaxt görüşməmişəm. Nəriman UFC üçün döyüşə çıxanda onunla görüşəcəyəm. Hələlik onun bütün heyəti ilə instaqram vasitəsilə yazışmaq imkanım olub. Qələbə qazansın, bir yerdə gəzib gözəl Bakıdan zövq alaq.
– Bəs "Fury" döyüş təşkilatında qələbələri sıralayan və UFC rəhbəri Deyna Vaytdan müqavilə bağlamağı tələb edən, ABŞ-da yaşayan soydaşımız Hüseyn Əliyevlə əlaqələriniz necədir?
– Onu "Fury" təşkilatından tanıyıram. Mən özüm də orada döyüşmüşəm. Ümid edirəm ki, o da UFC ilə müqavilə bağlayar. Ona karyerasında uğurlar arzulayıram.