
"Medal qazanacağımıza inamımız, həmişəki kimi, böyükdür".
Sportnet.az xəbər verir ki, bunu cüdo üzrə Azərbaycan millisinin kapitanı Rüstəm Orucov 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatı barədə fikirlərini bölüşərkən deyib.
31 yaşlı idmançı bildirib ki, 73 kq çəki dərəcəsindəki əsas rəqibi - yaponiyalı Şohei Ono mundialda iştirak edə bilməyəcək. Lakin Orucov Onodan başqa da güclü idmançıların olduğunu vurğulayıb: "Hazırda özümü yaxşı hiss edirəm. Yaxşı hazırlaşsaq, medallar da qazanacağıq".
Təcrübəli cüdoçu hazırda Göygöldə müxtəlif ölkə yığmaları ilə birlikdə keçirdikləri hazırlıq prosesindən də danışıb: "Belə təlim-məşq toplanışları üçün dəfələrlə xaricə getmişik. Amma indi bütün güclü idmançılar bizim zala yığışıblar. Əsas və gənclərdən ibarət komandamız da buradadır. Onlar üçün çox faydalı məşq prosesidir. Ağır məşqlər keçirik, yükləmə gedir. Hər şey plan üzrə davam edir. İnanıram ki, dünya çempionatında bunun bəhrəsini görəcəyik".