Azərbaycanın sambo millisinin üzvü Emil Həsənovun cəza müddəti başa çatıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a yığmanın baş məşqçisi Bəxtiyar Hacıyev məlumat verib.
O bildirib ki, titullu idmançı 15 - 18 sentyabrda Serbiyanın Novi Sad şəhərində keçiriləcək Avropa çempionatında iştirak edə biləcək.
Lakin Hacıyevin cəzası hələ daha 1 il, yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Yaqub Abdullayevinki isə 3 il müddətinə qüvvədə qalacaq.
Qeyd edək ki, cəzalar 2021-ci ilin mayında Kiprin Limassol şəhərində yeniyetmə, gənclər və böyüklər arasında keçirilmiş Avropa çempionatında baş vermiş hadisə ilə əlaqədardır. Həmin vaxt 71 kq çəki dərəcəsi üzrə final görüşündə Emil Həsənovla Rusiya samboçusu Məhəmməd Hacıyev üz-üzə gəlib. Hakimlər ağrıdıcı fənd tətbiq etdiyini əsas gətirərək, qələbəni Rusiya idmançısına verib.
Bundan narazı olan Azərbaycan nümayəndə heyəti qərara sərt etiraz edib. Nəticədə bütün Azərbaycan millisi yarışdan diskvalifikasiya olunub. Ötən ilin avqustunda Emil Həsənov 1 il, Bəxtiyar Hacıyev 2 il, Yaqub Abdullayevə isə 4 il cəza alıb.