"Bu gün hər üç çəkidəki idmançılarımızdan medallar gözləyirik. Sadəcə, çıxıb vuruşmaq lazımdır".
Sportnet.az xəbər verir ki, bunu cüdo üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Məmmədov Çexiyada keçirilən Avropa çempionatının növbəti günü ilə bağlı danışarkən deyib.
40 yaşlı mütəxəssis cüdoçuların hamısının formada olduğunu bildirib: "Onlar çox yüksək güləş sərgiləyirlər. 90 kq-da Vüqar Talıbov və İsmayıl Zamanovdan, 100 kq-da Ruslan Nəsirlidən, 100 kq-dan yuxarı çəkidə isə Kənan Nəsibovdan medal gözləyirəm. Tezliklə onları böyüklərin yarışında beynəlxalq arenalarda görəcəksiniz".
Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha 5 üzvü Avropa çempionatında tatamiyə çıxacaq. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb. (Report)