Azərbaycanın qadın cüdoçusu Aişə Qurbanlı Mavrikiyanın Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatının birinci günündə bürünc medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ilk olaraq ev sahibi Letisiya Lumelonu, ardından avstraliyalı Xloe Rayneri məğlub edib.
Yarımfinalda Qurbanlı ekvadorlu Diana Kobosa uduzsa da, təsəlliverici görüşdə ABŞ təmsilçisi Ketelin Boysa qalib gələrək bürünc medala sahib çıxıb.
Digər cüdoçulardan 60 kq çəki dərəcəsində yarışan Oruc Vəlizadə 1/4 finala yüksələ bilib, lakin o, italiyalı Karmin de Lorentoya məğlub olaraq təsəlliverici görüşə çıxıb. Avstriya təmsilçisi Lyudoviq Payşerə uduzan Vəlizadə 7-ci yerlə kifayətlənməli olub. Tərlan Kərimov (66 kq), İsmail Piriyev, Fəqan Quluzadə (hər ikisi 73 kq) və Xanım Hüseynova (63 kq) mübarizəni erkən dayandırmalı olublar.