"Şahdağ Qusar" komandasının sabiq futbolçusu və məşqçisi Şərafəddin Məmmədovun səhhətində problem yaranıb.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu ilin avqust ayında 54 yaşlı mütəxəssisdə beyin şişi aşkarlanıb. Təcrübəli məşqçi dostlarının köməyi ilə Bakıda əməliyyat olunub və beynindəki şiş götürülüb. Hazırda Ş.Məmmədov Milli Onkologiya Mərkəzində mütəmadi kimya terapiyası kursu keçir.
O, Sportnet.az-a açıqlamasında hazırda özünü normal hiss etdiyini, amma xəstəliyinin bədən orqanlarına müəyyən təsir göstərdiyini əlavə edib.
Qeyd edək ki, Şərafəddin Məmmədov futbolçu karyerasını 2000-ci ildə başa vuraraq, məşqçi kimi işə başlayıb. 2009-cu ildə "Şahdağ Qusar"ın qısa müddət baş məşqçisi olmuş mütəxəssis daha sonra Qusar Uşaq Gənclər İdman Şahmat Məktəbində (UGİŞM) uşaq futbol məşqçisi kimi çalışıb. Onun yetirmələrindən Namik Ələskərov hazırda "Sabah"da, Slavik Alxasov "Turan Tovuz"da, Arsen Ağcabəyov isə "Şamaxı"da forma geyinir.