![](https://sportnet.az/uploads/posts/2025-02/medium/1739052948_kadi-borges1.jpg)
Yenidən "Qarabağ"ın sıralarına qayıdan futbolçu Kadi Borgesin Macarıstan "Ferentsvaroş"unda aparıcı fiqura çevrilə bilməməsinə artıq çəki mane olub.
Sportnet.az 24.hu nəşrinə istinadən xəbər verir ki, Rusiya "Krasnodar"ından Budapeşt komandasına keçdiyi vaxt - 2024-cü ilin yayında braziliyalı yarımmüdafiəçiyə qidalanma üzrə məsləhətçi ayrılıb. Lakin 29 yaşlı oyunçu məsləhətlərə arabir əməl edib. Qış fasiləsində isə o, ev tapşırığını tam yerinə yetirməyib və komandanın düşərgəsinə 2 kq artıq çəki, daha dəqiqi, piylənmə ilə qayıdıb.
Adətən, buna görə cəza nəzərdə tutulur və özünü adekvat aparması üçün fiziki tapşırıqlar verilir. Lakin "Ferentsvaroş"un yeni baş məşqçisi Robbi Kin artıq çəkinin Kadiyə maneçilik törətdiyini və kollektiv məşqlərdə gözlənildiyi kimi çıxış edə bilmədiyini müəyyənləşdirib.
Braziliyalı futbolçu "Ferentsvaroş"da 2024/2025 mövsümündə get-gedə bəzi keyfiyyətlərini nümayiş etdirib. Məsələn, Kadi İsveç "Malmö"sünə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqası matçında möhtəşəm qol vurub. Lakin onun üst-üstə 27 matçda 3 qol və 7 məhsuldar ötürməsi, oyunların 11-nə əvəzetmədən daxil olması, ölkə çempionatının 13 qarşılaşmasında 2 qol və 3 məhsuldar ötürməsi kimi göstəriciləri "Ferentsvaroş" rəhbərliyində onu başqa komandaya buraxmamaqdan ötrü lazımi səviyyədə əminlik yarada bilməyib.
Digər tərəfdən, Kadi "Krasnodar"dan 1,6 milyon avroya alınıb. "Qarabağ" isə onu Julio Romao ilə dəyişdirib. Sayt yazır ki, "Ferentsvaroş" Romaonu hələ ötən il transfer etmək istəsə də, Azərbaycan klubu həmin vaxt ondan ötrü 5 milyon avro tələb edib. Beləliklə, bu yerdəyişmə ilə Macarıstan təmsilçisi Kadiyə nəzərən daha gənc - 26 yaşlı yarımmüdafiəçini havayı, daha dəqiqi, 3 dəfə aşağı qiymətə aldıqları Kadini "Qarabağ"a qaytarmaqla əldə edib.
Qeyd edək ki, Kadi Borges "Qarabağ"la 4 illik müqavilə bağlayıb.