
Azərbaycan milli komandasının sabiq futbolçusu Abdulla Abatsiyev Rusiyanın paytaxtı Moskvada həbs olunub.
Sportnet.az "Sport24.ru" saytına istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin külli miqdarda dələduzluq işində iştirak etməsi olub.
Abatsiyev cinayətkar qruplaşmanın 79 yaşlı moskvalı təqaüdçünü 14 milyon rublu təhvil verməyə razı sala bildiyi dələduzluq sxemində kuryer kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Abdulla Abatsiyev Azərbaycan milli komandasının heyətində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ yığması ilə yoldaşlıq oyununda (0:2) iştirak edib. Son olaraq Rusiya Media Liqasında "Fayt Nayts" klubunda çıxış edən Abatsiyev Azərbaycanda müxtəlif illərdə "Sumqayıt" və "İnter"in şərəfini qoruyub.