
Azərbaycan Premyer Liqasında XXV turun “Kəpəz” - "Neftçi" oyununda insident baş verib.
Sportnet.az xəbər verir ki, hadisə Tovuz şəhər stadionunda baş tutan matçın 44-cü dəqiqəsində azarkeşlər "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndirdikləri vaxt yaşanıb.
Şüarı eşidən hər kəs ayağa qalxsa da, matçı mərkəzi tribunadan izləyən "Neftçi" rəsmiləri buna məhəl qoymayıblar. “Kəpəz” azarkeşləri isə onların ayağa qalxmalarını tələb edirlər. Qarşı tərəfin yenə heç bir reaksiya vermədiyini görən azarkeşlər qonaq komanda rəhbərliyi ilə mübahisəyə giriblər. Onlar klub rəsmilərinə üz tutaraq, "Şəhidlərə hörmət etməyən hər kəsə şəhidlərin qanı haram olsun" deyiblər.
Bundan sonra "Neftçi" rəsmisi Kamil Məmmədov tribunada asayişi qoruyan polis zabitinə müraciət ediblər. Bu zaman kapitan rütbəli polis isə klub rəsmisi arasında maraqlı dialoq yaşanıb:
- Onlar şüarı sizə yox, şəhidlərə hörmət etməyan insanların ünvanına səsləndirirlər. Məgər sən şəhidlərə hörmət etmirsən?
- Əlbəttə, edirəm.
- Elə isə burada şikayətlənəsi bir şey yoxdur.
Polis zabitinin bu sözlərindən sonra ara sakitləşib.
Haşım MƏMMƏDOV