
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə 3:1 hesabı ilə yendikləri "Araz-Naxçıvan"la oyundaki dava ilə əlaqədar AFFA İntizam Komitəsinin qərarına münasibət bildirib.
Sportnet.az xəbər verir ki, 53 yaşlı mütəxəssis səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə etdikləri XXVII tur matçından sonra mətbuat konfransında bu barədə sərt açıqlamalar verib.
Qurban Qurbanov İntizam Komitəsinin Musa Qurbanlı və Elvin Cəfərquliyevə verdiyi cəzadan narazı olduğunu dilə gətirib: "Komandamızın 3-4 oyunçusuna qırmızı vərəqə verilməsini çox istəyirdiniz? Bu barədə çox yazıldı. Hər bir insanın fikri ola bilər. Nə hakimlərə, nə də verilən qərarlara qarşı çıxmaq istəyirəm. Sadəcə, niyə verildi? Ümumiyyətlə, futbolçunun topu aqressiv şəkildə aldığı təqdirdə, yaxud oyunçular baş-başa durduğu zaman qırmızı vərəqə göstərilməli olduğu barədə nizamnamədə nə isə yazılıb? Həmin epizoddan 5-7 dəqiqə öncə rəqib də oxşar hərəkəti etdi, amma bizim futbolçular öz yerlərində dayandı. Daha sonra Yassin Benziya topu alanda həmin hərəkəti etdi. Əksinə, belə şeylər azarkeşlərə futbolu daha da sevdirir, oyunda aqressiyanı daha da artırır, fanatlar daha da çılğınlaşırlar. Kiməsə nə isə deyəcəyəmsə, kiminsə qarşısında duracağamsa, qırmızı vərəqə göstərməlidirlər? O qədər derbilər görmüşük ki... "Barselona" - "Real Madrid", yaxud "Qalatasaray" - "Fənərbağça" derbilərində belə epizodlarda - bir-birinə etiraz edən oyunçulara "qırmızı" verilmir. Musa oğlum olmasa idi, bəlkə də daha çox danışardım. Sadəcə, oğlum olması mənim qarşımı bir az kəsir. Qırmızı vərəqə niyə verilməlidir ki?!"
Baş məşqçi "Qarabağ"a güzəşt olunduğu haqda yayılan xəbərlərə sərt etiraz edib: "Oyuna iki gün qalmış qərar verildi, bunu səbəb etmirəm. Sadəcə, sualıma cavab axtarıram. İki oyunçumuzu vurub yıxırlar, bizimkilər isə birini. Verilişə baxırdım, Xaqani Məmmədov deyir ki, Marko Veşoviçə qırmızı vərəqə verilməli idi, digərlərinə isə sarı. Oyundan sonra "Qarabağ"a qırmızı vərəqə verilmir deyə yazılar yayıldı. "Qarabağ"a nə olub ki? Kevin Medina "Neftçi" ilə oyunda qırmızı vərəqə alanda özünüz də görmüşdünüz ki, ona necə irad bildirmişdim. Elə şeylər var ki, mən yerindəcə fikrimi bildirirəm. Sadəcə, indi elə bir görüntü yarandı ki, sanki "Qarabağ"a güzəşt olunur. Bəs "Araz-Naxçıvan"ın oyunçularına niyə "qırmızı" verilmədi? Hansı ki, biri gəlib Yassin Benzianı itələdi. Başlayan elə o oldu, Benzia yox. Benzia üstünə qışqıranda Santos yerdən ona reaksiya da vermədi. Zatən elə oyun başlayandan futbolçularımızı tapdalayırdılar. Futbolçularımız da elə bundan qıcıqlanmışdılar. İki oyun Santosa, hərəyə bir oyun bizim futbolçulara? İstəməzdim ki, nə rəqibə, nə də bizim oyunçuya qırmızı vərəqə verilsin. O halda ki, zədə yoxdur, rəqibin də oyunçularına qırmızı vərəqə verilməsinə qarşıyam. Bunları niyə bildirirəm? Bir həftə ərzində - ta İntizam Komitəsi bizim futbolçular barədə qərar çıxaranadək sosial şəbəkələrdə, telekanallarda yalnız "Qarabağ"a qırmızı vərəqə verilmədiyi barədə danışıldı. Orada nə var idi? Hansı oyunda görünüb ki, söz deyişməsinə görə qırmızı vərəqə versinlər? Bugünkü "Kəpəz"lə oyunun tempini götürsək, ikinci hissəsində maksimum 15 dəqiqə oyun oldu. Avropada 60-70 dəqiqə top oyunda olur, burada isə 40-45 dəqiqə, bəzi oyunlarda 50 dəqiqə. 40 dəqiqə ilə biz nə edəcəyik? Gəzə-gəzə futbol olur? Bunlardan danışmalıyıq. Amma ona qırmızı, buna qırmızı... Bu, nə deməkdir? Hamının fikrinə hörmətlə yanaşıram, amma elə bir məsələ qaldırılmışdı ki, sanki "Araz-Naxçıvan"ın futbolçularını döymüşük, onlara nə isə etmişik. Maraqlısı da budur ki, hər gün o epizodun analizi aparıldı, özü də bütün telekanallarda. O qədər təzyiq yaratdılar ki, axırda İntizam Komitəsi bizim futbolçuların da diskvalifikasiya edilməsinə qərar verdi. Onda hamımız hakimlərin üstünə gedək də..."
Qurbanov qarşılaşmada ədaləti qoruyan hakimlərin doğru qərarlar verdiyini bildirib: "VAR-da FIFA referisi Əliyar Ağayev oturmuşdu. Məgər o, heç nəyi görmürdü? Hər şeyi çox da gözəl görürdü! Epizoda öz kameramızla yenidən baxdım. Baş hakim FIFA referisi Kamal Umudlu oyunu çox düzgün idarə edirdi. Epizodda hər bir oyunçunu yazılı qeydə aldı və yerindəcə vərəqələri göstərdi. Elə isə hakimləri də cəzalandırsınlar, onlara da qırmızı vərəqə versinlər. Niyə vermirlər? Ağayevə də, Umudluya da 3-5 oyunluq cəza verilsin. Udmuşuq da, uduzmuşuq da. Sadəcə, belə bəsit şeylər etmək, bu cür davranmaq olmaz. O zaman mən də oyunçularıma deyim ki, danışmayın, üstlərinə getməyin. Qoy, vursunlar! Qoy, bizi yıxsınlar!"
O, daha sonra futbolçularına qarşı sərt oynanıldığını deyib: "Elə oyunlar olub ki, futbolçumuzu meydana buraxmışam, bir müddət sonra əvəzləmişəm. Çünki onu vurub-sındırırdılar. Məgər buna görə hakimlərə etiraz etmişik, nə isə demişik? O qədər olub ki, oyunlarda bəzi futbolçularımı bilə-bilə meydana buraxmamışam. Çünki onu vurub-sındıracaqdılar. 10 dəfə ayağına vururlar, 11-cidə sarı vərəqə verərlər, ya verməzlər. Bir dəfə bu barədə danışmışammı? Qırmızı vərəqə verirsən ver, amma bunu 5 gün sonra vermək nə deməkdir? Hə, nə oldu? Qərarlara hörmətlə yanaşırıq, amma bəzən fikirlərimizi də bildirməliyik. Mən belə "qırmızı" görməmişəm. Gördüm ki, məsələlər çox şişib, o epizoda baxmağa başladım. Elə danışırlar ki, sanki 5 oyunçumuza qırmızı vərəqə verilməli idi. Sanki hər şeyi edən biz idik. Hansı səbəbə görə qırmızı vərəqə verilməli idi? Benzia Santosa qışqırdığı üçünmü? Əksinə, belə halların olması mənim üçün xoşdur. Çünki futbolçularımı qıcıqlandırır, daha da aqressiv edir. Yoxsa, "ondan top alma", "top aldınsa, sakit dur" söyləyək? "Atletiko Madrid"ə baxın. Onda gərək hər oyun Dieqo Simeoneyə də, komandasına da 6-7 qırmızı vərəqə versinlər. Elə şeylər var ki, bəzən danışmıram, sakit dururam. Amma görürəm ki, danışmayanda özümü günahkar sayırlar. Səsini çıxarmaq olmaz, qışqırmaq olmaz. Onda qol vuranda qışqırıb tullanana da qırmızı vərəqə versinlər. Nə isə... bu epizodu çox analiz etmək olar. Öz kameramızla da baxmışam, görək, hansı oyunçumuz artıq hərəkət edib. Hətta orada oyunçumuz Marko Yankoviç pauza vaxtı rəqib futbolçu Vadim Abdullayevə gəlib deyir ki, orada qışqırdın, o da gəlib vurdu. Bütün epizodları xırdalamışam. Onlar qışqıra bilərlər, bizim oyunçular yox? Əksinə, oyunçu bundan həzz alır. Gələn dəfə deyəcəyəm ki, danışan oyunçunu özüm cərimələyəcəyəm. Qoy, qışqırmasınlar, sakit oynasınlar (gülür - red.)"
Haşım MƏMMƏDOV, Tovuz