
"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynov Azərbaycan Premyer Liqasının XXVII turunda evdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra Sportnet.az-a müsahibə verib.
- Çətin oyunda komandanız gözlənilməz şəkildə məğlub oldu. Matçla bağlı fikirlərinizi bilmək istərdik...
- Oyuna yaxşı başladıq. İlk 20 dəqiqədə xeyli qol vəziyyətləri yaratdıq. Fərqlənə də bildik. Amma komanda şəklində çox ucuz səhvlər edirik. Çətin qollar vurur, asan toplar buraxırıq. “Sumqayıt” iki qolu da bizim səhvimiz üzündən vurdu. Həm də bir az bəxtimiz gətirmədi. Faiq Hacıyev bir epizodda ofsayda düşdü, oyunçu topu qapıdan çıxardı. Həm də rəqib qapıçı yaxşı oyun keçirdi. Qalib gəlmək üçün meydana çıxmışdıq, amma alınmadı.
- Meydandan daha yaxşı görünür. Top qapı xəttini keçmişdi?
- Mən korner başlayırdım, elə həmin xəttə yaxın idim. İndiki futbolda elədir ki, top xətti tam keçməlidir. Ona görə 100% deyə bilmərəm. Amma mənə elə gəldi ki, top bir az qapının içindəydi. Ola bilər, bir millimetrə görə qol sayılmadı.
- Qələbə qazandığınız oyunlarda da çətinlik çəkirsiniz. Niyə belədir?
- İlk dəqiqələrdə yaxşı oynayırıq. Yaxud da əvvəl pis başlayanda sonrakı dəqiqələrdə inamlı çıxış edirik. Zədəlilərimiz çoxdur. Həm də stabillik yoxdur. 20 dəqiqə yaxşı, 20 dəqiqə pis çıxış edirik. Stabillik üzərində çox işləməliyik.
- “Turan Tovuz” xüsusilə, ev oyunlarına yaxşı başlıyıb, sonradan nədənsə zəif təsir bağışlayır. Yersiz səhvlər və nəticədə xal itkisi baş verir. Bunun səbəbi azarkeşlərinizin sizdən daha çox gözləməsidir, yoxsa necə?
- Azarkeşlərə ancaq sevinc yaşatmaq istəyirik. Onlar bizim 12-ci oyunçumuzdur. Hər zaman onlara minnətdarıq. Bəlkə də azarkeşlərimizi dəhşətli dərəcədə sevindirmək istədiyimizdən arada konsentrasiyanı itirir, ucuz səhvlər edirik.
Haşım MƏMMƏDOV