
FIFA klublararası dünya çempionatının 32 iştirakçısı üçün 1 milyard dollar mükafat fondu ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino açıqlama verib.
Onun sözlərinə görə, qlobal həmrəylik üçün əhəmiyyətli və yenilikci model tətbiq olunub.
Fondun 475 milyon dolları idman nailiyyətlərinə, 525 milyon dolları iştirak haqqına sərf olunacaq. Yarışın qalibi 125 milyon dollar qazanacaq.
Avropanı təmsil edən klublara daha çox məbləğ çatacaq. Mükafatın həcmi isə reytinq və gəlirlərdən asılı olaraq, 12,81 milyon dollardan 38,19 milyon dollaradək dəyişəcək.
Cənubi Amerika təmsilçiləri hərəyə 15,21 milyon dollar, qalanları 9,55 milyon dollar və daha aşağı məbləğə sahib olacaqlar.
Həmrəylik investisiya proqramının məqsədi bütün dünyada klub futbolu üçün 250 milyon dollar toplamaqdır.
İnfantinonun sözlərinə görə, bölüşdürülmə modeli klub futbolunun zirvəsini və turnir tarixində ən iri məbləğdə mükafat fondunu əks etdirir: "Mükafat fondundan əlavə, presedentsiz həmrəylik investisiya proqramı mövcuddur. Proqram çərçivəsində biz dünyada klub futbolunun inkişafına əlavə olaraq, 250 milyon dollar ayırmağı planlaşdırırıq. Bu həmrəylik futbolun qloballaşması istiqamətində daimi səylərimizə əhəmiyyətli impuls verəcək".
FIFA prezidentinin sözlərinə görə, qurum klublararası dünya çempionatı üçün heç bir maliyyələşməni özündə saxlamayacaq. Çünki bütün gəlirlər klub futbolunun inkişafına yönəldiləcək: "Bu, 211 üzv assosiasiyalar vasitəsilə dünyada futbolun inkişafına ayrılan FIFA-nın ehtiyatlarına şamil edilməyəcək".
Qeyd edək ki, klublararası dünya çempionatı 15 iyun - 13 iyulda ABŞ-da keçiriləcək. Yarışın 32 iştirakçı komandasından 12-si Avropanı təmsil edəcək.