
Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Armen Melikbekyanın UEFA İcraiyyə Komitəsinə namizədliyi ölkədə etirazla qarşılanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Ermənistan Futbol Azarkeşləri Hərəkatının (FAF) təsisçisi Sergey Canconyan açıqlama verib.
İcraiyyə Komitəsi üzvlərinin seçkisi aprelin 3-də Serbiyanın paytaxtı Belqradda UEFA-nın 49-cu Konqresində keçiriləcək. 4 il müddətinə seçiləcək 7 yerə 11 namizəd var. Onların arasında EFF prezidenti də var.
Canconyan bildirib ki, Melikbekyan Konqresədək EFF-in rəhbəri postundan getdiyini açıqlamasa, Avropa ölkələrindəki fan-qruplarla birlikdə onun İcraiyyə Komitəsi üzvlüyü əleyhinə kampaniyaya başlayacaqlar.
Onun sözlərinə görə, qalmaqalları ilə məşhur federasiya prezidentinin tanınmış futbolçular, hakimlər, futbol nəhənglərinin liderləri ilə mübarizədə "7-liy"ə düşməsi asan olmayacaq: "Əlbəttə, UEFA İcraiyyə Komitəsində kiminsə olması yaxşı haldır. Amma bu cür yalançı, qeyri-münasib, kreslosundan əl çəkməyən, verdiyi sözlərin azacıq hissəsini də yerinə yetirməyən şəxsin ölkə üçün yeni proqramlar və maliyyə imkanları qazandıracağı inandırıcı deyil".
FAF rəhbəri xəbərdarlıq edib ki, Melikbekyan istefa verməsə, yarıtmaz və uğursuz fəaliyyəti, EFF-in hazırkı vəziyyəti, maliyyə pozuntuları ilə əlaqədar bütün səs verən ölkələrə məlumatlar göndəriləcək, xaricdəki azarkeş qruplarının bu barədə öz federasiyalarının rəhbərlərini məlumatlandırmaları xahiş olunacaq, seçki ərəfəsində və seçki günü Belqradda onun əleyhinə mitinq təşkil ediləcək.
Qaydalara əsasən, UEFA İcraiyyə Komitəsinin üzvü öz ölkəsinin milli assosiasiyasındakı vəzifəsindən gedəcəyi təqdirdə, qitə futbol qurumunda işini davam etdirə bilər. Üzvlərin maaşı illik 197 000 avro, sutkalıq ödənişi isə 200 avrodur (Teleqraf).