
"Sabah" komandası Azərbaycan çempionatları tarixində rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, Masazır təmsilçisi bir mövsümdə ən çox heç-heçə edən klub kimi tarixə düşüb.
Hazırda baş məşqçi Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə "Sumqayıt"la "sülh"ə razılaşıb - 3:3.
Beləliklə, "Sabah" 28 oyununun 15-də meydanı heç-heçə ilə tərk edib. İndiyədək heç bir komanda mövsüm ərzində bu qədər qarşılaşmada 1 xalla kifayətlənməyib. Hələ çempionatın sonuna 8 tur qaldığı üçün heç-heçə sayının daha da artacağı istisna olunmur.
Bunadək rekord hərəyə 14 sülhə imza atan “Neftçi” (2009/2010), “Bakı” (2012/2013) və “Zirə”yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.
Qeyd edək ki, "Sabah" digər qarşılaşmalarını 7 qələbə, 6 məğlubiyyətlə başa vurub. Hazırda bu komanda 36 xalla 5-ci pillədə qərarlaşıb.