
"Azarkeşlər üçün maraqlı oyun alındı. Qarşılıqlı qollar, kəskin hücumlar oldu. Rəqibə nəzərən biz daha yaxşı çıxış edən tərəf idik. Qol imkanlarımız daha çox idi. Lakin çox asan qollar buraxdıq".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski səfərdə "Sumqayıt"la 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis aprelin 2-də "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun ilk yarımfinal qarşılaşması ilə əlaqədar heyətdə dəyişikliklər etdiyini bildirib. Digər tərəfdən, o, bir çox oyunçusunun kiçik zədələr səbəbindən az sayda məşqə çıxa bildiklərini diqqətə çatdırıb: "Onlar növbəti görüşə hazır olacaqlar. Amma bu gün Elgün Dünyamalıyev və Seymur Məmmədov kifayət qədər yaxşı oyun sərgilədilər. Edilən rotasiyalar çempionatda ambisiyamızın qalmadığı anlamına gəlməməlidir. Hər bir oyunda qələbə və 3-4-cü yerlər üçün mübarizə aparacağıq. Hələlik nəzəri şanslarımız qalır. Hər bir xal üçün vuruşacağıq".
Berezutski "Sabah"ın çempionatlar tarixində bir mövsüm ərzində rekord sayda - 15 dəfə heç-heçə etməsinin səbəbini bilmədiyini söyləyib: "Yaxşı sualdır, amma kaş bunun səbəbini biləydim. Konkret, bu gün müdafiədə axıradək işləmədik. Səhvlər etdik və "Sumqayıt"a kifayət qədər rahat qol vurmaq imkanı verdik. Hər bir matçın öz hekayəsi var. Buna görə də bu barədə danışmaq çətindir. Amma müdafiədə oyunumuzu daha da artırmalıyıq".