
Türkiyə Super Liqasında XXIX turun mərkəzi oyununda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
Sportnet.az xəbər verir ki, İstanbuldakı Tüpraş stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Derbidə hesabı 23-cü dəqiqədə “Beşiktaş”lı Rafa Silva açıb. Qarşılaşmanın 36-cı dəqiqəsində qonaq komanda daha bir zərbə alıb. Polşalı Pşemıslav Frankovski meydandan qovulduğundan, “Qalatasaray” vacib oyunun böyük qismini azlıqda keçirib. Bununla belə, “sarı-qırmızılar” fasiləyə qədər hesabı bərbaərləşdiriblər. Matçın 45-ci dəqiqəsində Lukas Torreyra fəqlənib. “Qara qartallar”ın qələbə topunu isə oyunun 66-cı dəqiqəsində portuqaliyalı Jedson Fernandes vurub.
Beləliklə, “Qalatasaray” mövsümdə ilk dəfə məğlub olub. Derbidə uduzmasına baxmayaraq, “sarı-qırmızlar” Türkiyə çempionatında liderliyini davam etdirir. “Qalatasaray” 71 xalla (28 oyun) birinci yerdədir. “Beşiktaş” isə 47 xalla (27 oyun) 5-ci sırada qərarlaşıb.
“Qalatasaray”ın məğlub olmasına “Fənərbağça” tərəfdarları da sevinib. Liderin büdrəməsi “sari-lacivərdlilər”i çempionluq mübarizəsində ümidləndirib. “Fənərbağça” 65 xalla (27 oyun) 2-ci yerdədir. Joze Mourinyonun komandasının ehtiyatda bir oyununun olduğunu nəzərə alsaq, “Fənər”in liderə yaxınlaşma şansı xeyli artıb.