
"Bütün oyunlar komandamızda təzyiq yaradır. Çünki hamı meydana qələbə üçün çıxır".
Bu sözləri "Kəpəz"in futbolçusu Dioqo Verdaşka evdə "Səbail" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra Sportnet.az-ın Tovuza ezam olunmuş əməkdaşına açıqlamasında deyib.
Portuqaliyalı müdafiəçi bildirib ki, “Səbail”in turnir cədvəlində "Kəpəz"ə daha yaxın olması onlarda daha çox təzyiq yaradır: "Baş məşqçimizin fikirləri ilə razıyam. Sadəcə, “Səbail”in sonuncu pillədə olması, o demək deyil ki, zəif komandadır. Onlar da yaxşı kollektivdir".
29 yaşlı oyunçu autsayderlə görüşü belə dəyərləndirib: "İlk hissəyə yaxşı başladıq və yaxşı da tamamladıq. Ancaq ikinci hissəni ilk yarıdakı kimi oynaya bilmədik. Bir az geri çəkildik və onların çoxlu künc zərbələri oldu. Bu məqamlarda da üstünlüyümüzü itirdik".
Bu mövsüm "Kəpəz" “Neftçi”, "Turan Tovuz" və “Sabah” kimi komandaları məğlub etməyi bacarıb, “Qarabağ”la heç-heçə edib. Lakin sonuncu pillədə qərarlaşan “Səbail”i məğlub edə bilməyib. Verdaşka bunun səbəbini belə izah edib: "Bu, futboldur. Biz bu gün məğlub olmamışıq. Ən azından 1 xal qazanmışıq. Belə şeylər futbolda olur. Hər oyuna qələbə üçün çıxırıq".
Qeyd edək ki, hazırda "Kəpəz" 10 komanda arasında 24 xalla 9-cu, "Səbail" 19 xalla sonuncu pillədə qərarlaşıb.