
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXIX turun oyunlarında baş verənlərlə bağlı qərar çıxarıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Kəpəz" və "Sumqayıt" klubları azarkeşlərinə görə cəzalanıb.
Gəncə təmsilçisi səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunduğuna görə 1500 manat cərimə edilib.
"Kimyaçılar"ın azarkeşləri isə səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olduqları oyunda hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirblər. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Sumqayıt"a 1000 manat cərimə kəsilib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXX tura aprelin 11-də start veriləcək.