"Şamaxı" komandası Azərbaycan Premyer Liqasının XXIX turunda evdə "Neftçi"yə məğlub olub - 0:2.

 

Oyundan sonra "şirlər"in qapıçısı Rikardo Fernandes Sportnet.az -a müsahibə verib. 31 yaşlı portuqaliyalı qolkiper klubla bağladığı yeni müqavilə barədə danışıb və digər sualları cavablandırıb:

 

- "Neftçi" ilə oyun barədə nə deyə bilərsiniz?

- İstədiyimiz hesab olmadı. Bir həftə ərzində daha yaxşı nəticə üçün çalışmışdıq. Amma bu, futboldur, bəzi şeylər oyunlara təsir edə bilər. Nəticədə belə bir hesab oldu.

 

- Klubla müqavilənizin mövsüm bitməmiş yenilənməsinə səbəb nə oldu?

- Bu barədə danışmaq istəmirəm. Hazırda mövsümü yaxşı pillələrdən birində tamamlamağa köklənmişik.

 

- Yeni təkliflər var idi, yoxsa “Şamaxı” sizi itirməkdən qorxurdu?

-“Şamaxı”da xoşbəxtəm. Yaxşı təklif oldu, mən də razılaşdım.

 

- 9-cu pillədəki “Kəpəz”lə aranızda 1 xallıq fərq var. Qarşıdakı oyunlarda sizi keçə bilərlərmi? Ümumiyyətlə, “Şamaxı” üçün 8-ci pillə qənaətbəxşdir?

- Diqqətimizi yalnız öz oyunumuza yönəltmişik. 7-ci pillədəki “Sumqayıt”la da bir xallıq fərqimiz var. Amma məqsədimiz daha yaxşı nəticə əldə etməkdir.

 

- Növbəti tur “Sumqayıt”la səfər oyununuz var. Aradakı 1 xallıq fərqi götürə bilmək üçün bu oyuna xüsusi hazırlaşacaqsınız?

- Bizim üçün vacib olan son iki görüşdəki kimi çıxış etməməkdir. "Zirə" və "Neftçi" ilə qarşılaşmalarla müqayisədə, oyunumuzu qaydasına salmalı və növbəti turda daha yaxşı nəticə əldə etməliyik.

 

- Premyer Liqanınn ən yaxşı qapıçılarındansınız. Özünüzə kimi rəqib görürsünüz?

- Heç bir qapıçıya rəqib gözü ilə baxmıram. “Şamaxı"ya fokuslanmışam. Nəticələrimizi yaxşılaşdırmağa çalışacağam.