
Azərbaycanın iki klubu I Liqaya vəsiqəni təmin edib.
Sportnet.az xəbər verir ki, bunlar "Şahdağ Qusar"la "Şəfa" komandalarıdır.
"Şahdağ Qusar" II Liqanın XX turunda evdə "Hyper Guba"ya 2:1 hesabı ilə qalib gələrək, daha üst liqaya yüksəlib. Bu nəticə "Şəfa" üçün də əlverişli olub.
Paytaxt təmsilçisi evdə "Sheki City"ni 6:0 hesabı ilə darmadağın edərək I Liqaya vəsiqə qazanıb.
Hazırda turnir cədvəlinin lideri olan "Şahdağ Qusar" 58 xalla 1-ci, "Şəfa" isə 55 xalla 2-ci yerdə gedir. 4-cü sırada qərarlaşan "Hypers Guba"nın isə 36 xalı var.
AFFA İcraiyyə Komitəsinin reqlamentinə əsasən, II Liqada 2024/2025 mövsümünün yekununda ilk 3 pilləni tutan klublar birbaşa I Liqaya vəsiqə qazanacaq.
Hələlik 3-cü pillənin sahibi məlum deyil.
I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək.
I Liqanın daha bir iştirakçısı isə Premyer Liqada sonuncu yeri tutan komanda olacaq.
Qeyd edək ki, "Şahdağ Qusar" və "Şəfa" vaxtilə Azərbaycan Premyer Liqasında mübarizə aparıb.