
Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz” evdə “Araz-Naxçıvan”la qolsuz heç-heçə edib. Bu nəticədən sonra Azər Bağırovun komandası sonuncu pillədə yer alan “Səbail”lə xal fərqini 8-ə çatdırıb.
Matçdan sonra “sarı-göylər”in portuqaliyalı müdafiəçisi Valdemar Almeyda Sportnet.az-ın suallarını cavablandırıb.
- Avrokuboklara namizəd komandaya qarşı oyunda bir xal sizin üçün qənaətbəxşdir?
- Yaxşı oyun keçdi. “Araz-Naxçıvan”ın vəziyyəti bizdən daha yaxşıdır. Çox ciddi komandaya qarşı gərgin oyun alındı. Bu cür rəqiblə bərabərə qalmağımız bizim üçün ciddi uğur sayıla bilər.
- Azər Bağırov oyunsonrası mətbuat konfransında iki xal itirdiyinizi bildirdi. Sizcə, sırf bugünkü oyunu nəzərdə tutub deyir?
- Fikrimcə, baş məşqçimiz bunu meydanda bir çox şansları itirdiyimizə görə deyir. Qol imkanlarımızı dəyərləndirsəydik, bir neçə qol vura bilərdik. Düşünürəm ki, “Araz-Naxçıvan”dan daha yaxşı oyun sərgilədik. Matçdan sonra paltardəyişmə otağında baş məşqçi bizdən razılığını bildirdi.
- Hazırda turnir cədvəlində sonuncu pillədə yer alan “Səbail”lə aranızda 8 xallıq fərq var. Bu amilin oyununuza təsir göstərdiyini düşünmək olarmı?
- Yox, bu, futboldur. Komanda və şəxsən mənim də qola çevirə bilmədiyim epizod oldu. Futbolda dəyərləndirmə də, şansların qaçırılması da olur. Əsas odur, komanda şəklində səhvlərimizin üzərində işləyəcəyik. Növbəti oyunlarda 3 xal və daha çox qol şansımız olacaq.
- Hazırki nəticələrə əsasən, “Kəpəz” ən pis halda, mövsümü 9-cu pillədə başa vura bilər. Komandada arxayınlıq varmı?
- Biz bu barədə fikirləşmirik. Ola bilər, 9-cu yerdəyik. Amma futbol elə sahədir ki, daim vuruşmalısan, yoxsa anidən hər şey dəyişə bilər. Çalışacağıq ki, 8-ci, alınarsa 7-ci pillə üçün oynayaq. Oyunumuzu inkişaf etdirmək və mümkün qədər yuxarı pillədə qərarlaşmaq istəyirik.
- Növbəti turda “Şamaxı” ilə qarşılaşacaqsınız. Qələbə qazanaraq, onlarla xalları bərabərləşdirəcəyinizə inanırsınız?
- Bizim üçün rəqibin “Şamaxı” və ya digər komanda olmasının heç bir fərqi yoxdur. Yalnız yaxşı oyun sərgiləyib, qələbə qazanmaq istəyirik. Təbii ki, xalımızın bərabər olması 8-ci yerdə qərarlaşan “Sumqayıt”ın nəticəsindən də aslı ola bilər. Amma biz rəqibi deyil, özümüzü düşünmək istəyirik. Hər oyun daha yaxşısını etməyə və performansımızı yüksəltməyə çalışırıq.
- Mövsümün sonunda müqaviləniz bitir. Klubla danışıqlara başlamısınızmı?
- Komandaya gəldiyim vaxt əsas tapşırığımız elitada qalmaq idi. Hazırda fikrimizi oyunlara cəmləmişik. Çempionatın sonunda bütün məsəslələri müzakirə edib, qərar verəcəyik. İndi isə bu barədə heç nə danışmırıq.
Haşım MƏMMƏDOV