
“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının XXXI turunda “Neftçi”ni məğlub etsə, mövsümün sonuna 5 tur qalmış çempionluğunu təmin edəcək.
Sportnet.az xəbər verir ki Ağdam klubunun və Azərbaycan millisinin müdafiəçisi Abbas Hüseynov görüşöncəsi Teleqraf-a müsahibə verib.
30 yaşlı futbolçu həm derbi, həm də digər məsələlər barədə maraqlı fikirlər səsləndirib:
- Çempionluğu “Neftçi”yə qarşı oyunda təmin edə bilərsiniz. Matça necə hazırlaşmısınız?
- Fikrimcə, heç nədə sığorta yoxdur. Yəni, biz çempionluğu təmin etsək belə, sona qədər oynamalıyıq. İnanıram ki, çempionluğu bu matçda təmin edə biləcəyik.
- Bu oyuna psixoloji cəhətdən fərqli ab-havada hazırlaşmısınız, yoxsa adi qaydada?
- Bəli, yetərincə ciddi hazırlaşmışıq. Çox inanıram ki, “Neftçi” üzərində qələbə qazanacağıq.
- 2 aydır yaşıl meydanlardan uzaq düşmüsünüz. Zədəniz sağalıb, meydana çıxmağa hazırsınızmı?
- Fiziki durumum çox yaxşıdır. İki həftədir, özümü yaxşı hiss edirəm. İki ay müddətlik zədədən qayıtmaq asan deyil. Amma bacardığımı edirəm. Məşqlərimə diqqət edir, öz üzərimdə çalışıram. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə, meydana çıxmağa hazıram.
- Qarşıda “Araz-Naxçıvan”la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşü də var. Gücünüzü bu oyuna da saxlamağı düşünürsünüz, yoxsa öncə derbidir?
- “Araz-Naxçıvan”la son iki qarşılaşmamız heç də asan keçməyib. Kubokun yarımfinalının ilk görüşündə də onlar bizi 1:0 hesabı ilə məğlub ediblər. Çox istərdim ki, cavab oyununda "Araz-Naxçıvan"ı udaraq, finala çıxaq, nəinki çempionluq, həm də kuboku qazanaq. Yəni, istəyimiz mövsümün sonunda “qızıl dubl”dur.
- Elə “Neftçi” də, “Sabah” da kuboka iddialıdırlar. Finala çıxsanız, hansı komanda ilə qarşılaşmağı daha çox istərdiniz?
- Bizim üçün fərqi yoxdur. Hər ikisi iddialı, güclü komandadır. Əsası, biz oyuna hazırlıqlı çıxaq. Fikrimcə, baş məşqçimizin dediklərini yerinə yetirsək və tam hazır olsaq, həm çempion, həm də kubokun sahibi olacağıq.
- Kubokun ilk oyununda “Araz-Naxçıvan”a qarşı aqressivlik hiss olunurdu. Cavab görüşünün də belə gərgin keçəcəyini fikirləşmək olarmı?
- Aqresssiv idik, elə onlar da bizə qarşı bu cür oynadılar. Düşünürəm ki, aqressiyanı ağılla cəmləşdirib, daha diqqətli oynasan, qalib tərəf sən olarsan. Ona görə də biz aqressiv oynasaq belə, çalışacağıq ki, daha düzgün, ağıllı qərar qəbul edək.
- Nəzərə alsaq ki, rəqib baş məşqçi Elmar Baxşıyevin də “Qəbələ”də işləyərkən kubok təctübəsi olub. Bu amil finala gedən yolda işinizi bir qədər çətinləşdirəcəkmi?
- Bəli, Elmar müəllim təcrübəlidir. Buna baxmayaraq, bizim də kubok təcrübəmiz az deyil. Fikrimcə, oyun prosesində düzgün qərarlar versək, Qurban Qurbanovun tapşırıqlarını yerinə yetirsək və meydana istəkli çıxsaq, oyunu udacağıq.
- Milli komandanın Belarus və Haitiyə qarşı yoldaşlıq görüşlərində iştirak etmədiniz. O cür məğlubiyyətlər sizə necə təsir etdi?
- Bəli, zədəli olduğum üçün çağırılmadım. Hətta baş məşqçi Fernandu Santuşun özü “Abbas zədəli olmasaydı, çağırmaq istəyirdim” dedi. Qismətdən zədələndim. Təbii ki, bir azərbaycanlı olaraq, bu məğlubiyyətlərə görə üzülürəm. Heç furbolçu olmasam, sıravi vətandaş kimi çox pis oldum. Çox istərdim ki, hər oyunda qələbə qazanaq və azarkeşləri sevindirək. İnanıram ki, gələcək oyunlarda bunu bacaracağıq.
- “Qarabağ”da yayda böyük dəyişikliklər olacağına dair iddialar var. Özünüzün klubdan ayrılmağınız nə dərəcədə realdır?
- Digər futbolçular barədə məlumatım yoxdur. Belə məsələlərə qarışmıram. Amma mənim 2 illik müqaviləm var. Hələ ki, “Qarabağ”dayam, burada xoşbəxtəm. Başqa, nə xeyirli olacaqsa, görəcəyik. Amma ayrılacağımla bağlı xəbərlər yalandır.