
"Birinci hissədə Ramil Şeydayevin, ikinci hissədə isə bir neçə qol imkanımız oldu".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis qol epizodlarının olduğunu bildirib: "Birinci hissədə Ramil Şeydayevin, ikinci hissədə isə bir neçə qol imkanımız oldu. Qapının içindən belə düşə bilmədik. Həmin qollar bərabərlik, yaxud qələbə anlamına gəlməyəcəkdi. Soyuq başla təhlil etsək, "Qarabağ"ın qol epizodları bizimkindən çox idi. Niyə qol buraxmağımız əsas məsələdir.
Bu mövsüm hər oyunda mütamadi olaraq davam edən proseslərdir. Oyun başlayanda gedişat və oyunçularda rotasiyaya əl atmışdıq. Bu da məlum məsələdir, kuboku düşünürük. Komandaya gəldiyimdən həddindən artıq zədələr problemə çevrilib.
Oyuna yaxşı başlamışdıq, disiplini qoruyub saxlayırdıq, çalışırdıq ki, hücumlara keçək. Təkrar edirəm, bu illəri başımızın bəlası fərdi insanların səhvləridir. O da ard-arda qollara gətirib çıxardı. Durduğumuz yerdə top itirdik, qapıçı məsələsi.. Belə şeylər olur, futboldur.
Məncə, bu gün məğlub olmağımızın səbəbi də budur".
O, 4 ildir "Qarabağ"ı məğlub etməməkləri barədə danışıb: "Azərbaycan derbisidir, bu başa düşüləndi. "Neftçi"ni istəyən, bizi istəyən insanları da anlamaq olur. Fərqi yoxdur, 3-4 gün sonra kubok matçın var, zədəli futbolçuların var. Bu derbidir və burada qələbə qazanmalısan. Bunları başa düşürəm, bir cavab olaraq da söz tapa bilmirəm".
Abasov futbolçusu Murad Məmmədovun durumu barədə söz açıb: "O, oynadığı ardıcıl pis oyunlardan sonra özünə gələ bilmir. Bu həm də məşqlərdə seçilir. Onu son vaxtlar tanıya bilmirik. Muradı silmək fikrimiz yoxdur. Düzünü desəm, Aleks Fernandeslə Muradı dəyişmək istəyirdik.
Sadəcə Rəhman Hacıyevin əvəzolunmaq istəyinə görə Elcan Əbilovu ora buraxdıq. Murad Məmmədov güvəndiyimiz futbolçulardandı. Bura gəldiyimdən sonra daha da çox şans qazanır. Bəzi baryerlər var, onu özü aşmalıdır. Biz də ona kömək olacağıq".
Baş məşqçi komandasının avrokuboka getməyə layiq olduğunu deyib: "Digər layiq olan komandaları sadaladıqda, şərt tək "Qarabağ"ı məğlub etməkdirsə və buna görə Avropaya getməkdirsə, burada məntiqi anlamıram. Başa düşürəm, uda bilmirik.
Amma 4 oyunun 2-də mən olmuşam. "Neftçi Arena"da keçirilən son matçda həddindən artıq yaxşı oyun nümayiş etdirmişdik. "Qarabağ"a məğlub olmağımız həddindən artıq ağırdır. Amma bu demək deyil ki, Avropaya getməyə layiq deyilik. "Qarabağ"ı çıxmaq şərti ilə, digər komandalardan kimin layiq olub-olmamasını fikirləşmək lazımdır, bütün oyunlara baxmaq lazımdır.
"Qarabağ"ı udmaq şərtdirsə, "Kəpəz" onlarla heç-heçə edib, niyə onlar getməsin? "Qarabağ" köklü və oturuşmuş komandadır. Biz isə hər il dəyişən "Neftçi"yik. Bu tendensiyanı aradan götürərək yaxşı komanda qurmaq istəyirik".
Samir Abbasov Rafael Quzzonun zədəsinin ciddiyə oxşamadığını söyləyib: "Dizində toqquşma oldu. Özü dəyişmək istədi. Ümid edirəm ki, "Sabah"la kubok oyununa qədər "nəfslər bizdən çəkilər" (gülür) və zədəli futbolçularımız sağalar".
Abasov əsas heyətdə hücumçu mövqeyində Bassala Sambunu deyil, Dembo Darbonu oynatmağının səbəbini açıqlayıb: "Darbo zədəsinə görə iki aya yaxındır oynamırdı. Nəzərə alsaq ki, "Sabah"la oyunda Sambu cəzalı durumdadır, başqa hücumçumuz isə təkcə Ağadadaş Salyanskidir, o da zədəsini sağalda bilsə əgər.
Darbonu müəyyən dəqiqə oynadıb sonra əvəz edəcəkdik. 90 dəqiqə meydana oynadacağımızı düşündüyümüz yalnız Rəhman Hacıyevlə Rafael Quzzo idi. Onların da hər ikisi məcburi şəkildə əvəz olundu. Darbonu ritmdə, tonusda olsun deyə oynatdıq".