
“O, bu gün bombardirlər siyahısında lider olmalı idi və həm də bombardir olmağa borcludur”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Azərbaycan Premyer Liqasının XXXI turunda “Neftçi”ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis komandasının çoxlu qol epizodları yaratdığını bildirib: “Bunların hamısından yararlana bilməməyimiz məni tam da narahat etmir.
Bir var epizoda məsuliyyətsiz yanaşmaq, bir də var həddindən artıq qol vurmaq istəyi. Bu gün ikinci variant idi. Ona görə də elə bir narahatlıq yoxdur. Qol epizodları daha çox Kadidə oldu.Ustalığı o epizodlardan yararlanmağa şərait yaradır.
Qarşıdakı oyunlarda ola bilər ki, qol epizodları boşa verməsin, daha dəqiq olsun. Düzü, elə bir narahatlığım olmadı”.
Nəriman Axundzadənin son vaxtlar yaxşı mənada dəyişdiyini bildirən Qurbanov onun bir müddət öz idman formasından çox uzaq olduğunu xatırlayıb: "Həmin vaxt ondan çox narazı idim.
Daim diskussiya və dialoqlarımız olur. Deyirik ki, daha yaxşı, daha işgüzar olmalı, futbolu daha çox sevməlisiniz. Çünki bu gün futbol dünyada elə bir səviyyəyə gəlib çatıb ki, həvəsin bir az azaldısa, məncə, oynamağa ehtiyac yoxdur. Tələblər həddindən artıq çoxdur. Amma Nərimandan yenə də tam razı deyiləm. Çünki öz üzərində daha çox çalışsa, futbolu daha çox düşünsə, potensialı daha yuxarıdır. O, bu gün bombardirlər siyahısında lider olmalı idi və həm də bombardir olmağa borcludur”.
Qeyd edək ki, Nəriman Axundzadə 9 qolla Azərbaycan Premyer Liqasınən bombardırlər cədvəlində 4-cü sırada qərarlaşıb.