
“Futbolçular üçün gözəl meydança, şərait yaradılmalıdır ki, ondan sonra hansısa nəticə əldə olunsun".
Sportnet.az xəbər verir ki, bu sözləri veteran futbolçu Arif Əsədov “Turan Tovuz"un Kürdəxanıdakı təlim-məşq bazasının açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Əsədov Tovuz təmsilçisinin həyata keçirdiyi infrastruktur layihəsini təqdirəlayiq hesab edib: “Bu gün “Turan Tovuz” və Azərbaycan futbolu adına əlamətdar gündür. Təlim-məşq bazasının meydançasının açılışı münasibətilə “Turan Tovuz” rəhbərliyini və ümumi Azərbaycan futbolunu təbrik edirəm.
Azərbaycan futbolu yeni dönəmə qədəm qoyur, yeni strategiya planı hazırlanıb. Orada əsas görülməli işlərdən biri də infrastruktur, meydançaların yaradılmasıdır. Bu baxımdan, “Turan Tovuz”un bu addımı alqışalayiqdir. Çox gözəl bazanın bir hissəsi hazırdır. Ümid edirəm ki, ardı gələcək”.
Qeyd edək ki, ümumi sahəsi 5 hektardan böyük olan Kürdəxanı layihəsində əsas korpusun inşası ilə yanaşı, daha 2 təbii örtüklü meydança salınacaq.