
"İlk növbədə, futbolçularımı təbrik edirəm. Gərginlik və yorğunluğa rəğmən, sonadək təmkinli oyunla rəqibin səhv etməsini gözlədilər. Sonda bunlardan yararlanmağı bacardıq. Rəqib həmkarım Elmar Baxşıyev və komandasına uğurlar arzulayır, azarkeşlərimizə təşəkkür edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Araz-Naxçıvan"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis ilk hissədə "Araz-Naxçıvan"ın oyununun dəyərləndirilməli olduğunu bildirib: "Biz ilk oyundan sonra 0:1 hesabı ilə geridə idik. Rəqib çox düzgün, ağıllı müdafiə olunur və əks-hücumlara hazırlaşırdı. İlk yarıda bir neçə qol epizodları oldu, bizi əks-hücumda yaxalaya bildilər. Hansı ki, hazırlığımız da bunun üzərində getmişdi. Topsuz vəziyyətlərdə futbolçularımıza qarşı çox düzgün davranırdılar.
Birinci hissədə top itkilərimiz daha çox oldu. Rəqib isə daha fəal idi. İkinci hissədə isə biz təzyiqi qaldırdıq və rəqibin tempi aşağı düşdü. Nəticədə bundan yararlandıq. Kubok oyunları çempionatdakılardan tam fərqlidir. Burada komandalar turnirə bir qədər fərqli yanaşırlar. Xüsusən, avrokuboklarda iştirak hüququ olduqda istər-istəməz daha diqqətli, daha aqressiv olurlar. Biz bu gün də bunun şahidi olduq. Bunlar normal haldır. Biz belə oyunlara, fərqli hissələrdə fərqli oyun üslubuna daim hazır olmalıyıq".
O, finalda üz-üzə gələcəkləri komanda ilə bağlı danışıb: "İnanın ki, belə bir fikrim, düşüncəm yoxdur. Sadəcə, onu bilirəm ki, rəqibimiz nəticə üçün alışıb-yanan komanda olacaq. Fərqi yoxdur, "Neftçi", yoxsa "Sabah". Çünki böyük ehtimalla, avrokubokda iştirak şansı bu oyundan asılı olacaq. Bizi çox bərk, çox ağıllı oyun gözləyəcək. Çünki istənilən rəqib indidən sonrakı hazırlıqlarını bizə qarşı quracaq. Hələ çox var. Hər ikisinə uğurlar arzulayıram. Hər ikisi öz komandamızdır və hər ikisinin avrokuboklarda iştirakını istərdim.
Çünki futbolçularının inkişafı, məşqçilər və idarə heyəti formalaşdırmaq üçün böyük sərmayə qoyublar. Hətta ölkə xaricindəki klublara "Neftçi" və "Sabah"ın strukturunu göstərə bilərik. Onlar işlərini əvvəlcədən dərhal nəticəyə yox, onun davamiyyətli olması üçün qurublar, sərmayə yatırıblar. "Neftçi"nin çox gözəl, geniş bazası var, açılışı olacaq. "Sabah" isə Şüvəlan qəsəbəsindəki stadionu götürüb, futbolçular üçün çox yaxşı şərait yaradıb. Yəni, çox davamiyyətli klublara qarşı final oyunu bizi gözləyir. Ona görə də hər iki komandanın avrokuboklarda iştirakını çox istəyirəm. Amma biz də kuboku əldə etmək istəyirik. Finaladək irəliləmişiksə, əziyyət çəkmişiksə, finalda məğlubiyyət kimi bir düşüncəmiz olmayacaq.
İstərdim ki, futbolçularımın titul sayları daha da artsın və yenə medalları boyunlarından assınlar. Futbol rəqabətdir, futbolçu karyerası qısadır. Oyunçularımız belə oyunlarda böyüyürlər. Bundan lazımınca, maksimum yararlanmalarını istərdim".