
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Rusiya Premyer Liqasında (RPL) XXVI turun "Rubin" - "Fakel" matçına xüsusi qonaq kimi qatılacaq.
Sportnet.az xəbər verir ki, bu barədə Kazan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
73 yaşlı mütəxəssis matçın keçiriləcəyi "Ak Bars Arena"da sektorun açılışında iştirak edəcək. Tatarıstan klubunun azarkeşləri bu sektoru Berdiyevin şərəfinə adlandırmağa qərar verib. Sektorun açılışından sonra Berdıyev matç başlamazdan əvvəl topa simvolik zərbə vuracaq.
Görüş aprelin 27-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Berdiyev 2001 - 2013 və 2017 - 2019-cu illərdə "Rubin"in baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda iki dəfə Rusiya çempionatının, bir dəfə Rusiya Super Kubokunun və Rusiya Kubokunun qalibi olub.
“Rubin” hazırda 36 xalla turnir cədvəlinin 8-ci pilləsində, "Fakel" isə sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Kurban Berdıyev 2024-cü ilin yayından "Turan Tovuz"un sükanı arxasındadır. Tovuz təmsilçisi 32 oyundan 49 xalla 4-cü sıradadır.