
"Köklü komandaya qarşı oynadıq".
Sprortnet.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının XXXII turunda evdə “Zirə”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis futbolçularından razı qaldığını bildirib: "Köklü komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq, qol epizodlarımız var idi. Sadəcə olaraq qol üçün ustalıq və incə məqamlar çatmır.
Futbolçularımdan razıyam. "Zirə"ni təbrik edirəm".
O, cari mövsümdə "Zirə"yə qarşı keçirilən dörd oyunda qol vura bilməməsinin səbəbini bilmədiyini deyib: "Əgər qol epizodları varsa, deməli məşqçi işi də var. Amma qol vurulmursa, bu artıq ustalıq səviyyəsidir. Bu gün həm Camal Cəfərovun, həm Luis Paçunun, həm də Rati Ardazişvilinin qol epizodları oldu. Əslində məşqdə də bunun üzərində işləyirik. Amma bizimkisi də belədir..."
Bağırov qarşılaşmanın hakimləri ilə bağlı çox danışmaq istəmədiyini söyləyib: "Dördüncü hakim mənə "əlini aşağı sal" deyirsə, buna iradım var. Səhv edə bilər, qərəzli ola bilər, problem yoxdur. Amma bir hakim mənə "əlini aşağı sal" deyə bilməz. Bu, maraqlı məqamdır".
"Kəpəz"in baş məşqçisi gələcəklə bağlı verilən sualı cavablayıb: "Premyer Liqada yerimizi təmin etdiyimizi deməzdim. Müqaviləmlə bağlı heç bir cavabım yoxdur. Gələcəklə bağlı planların cızılıb-cızılmadığını bilmirəm. Kimsə sponsor olaraq gəlməlidir deyilir, büdcə də bilinmir. Əgər bir plan qurursansa, bunu da nəyinsə müqabilində qurmalısan. Şəxsən mənim bir planım yoxdur".
O, son zamanlar Mirça Rednikin "Kəpəz"in baş məşqçisi təyin olunacağı ilə bağlı danışıb: "Mənim boynumda bir missiya var, bunu yerinə yetirməyə çalışıram. Kimin gəlib-gəlməyəcəyi məsələsinə mən baxmıram. Buna rəhbərlik baxır. Güclə sevgi olmur ki (gülür - red.).
Qeyd edək ki, "Kəpəz" 28 xalla 9-cu pillədə qərarlaşıb.
Həşim MƏMMƏDOV