
Türkiyə milli komandasının futbolçusu Arda Gülər İspaniya "Real Madrid"inin heyətində bu mövsüm məhsuldarlıq göstəricisini 12-yə yüksəldib.
Sportnet.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi meydana çıxdığı 37-ci matçda 4 qol vurub və 8 qol ötürməsi verib.
O, son olaraq, İspaniya Kubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə uduzduqları qarşılaşmada komandasının ikinci qolunda iştirak edib. Ardanın künc zərbəsindən havalandırdığı topa Orelyen Çuameni başla dəqiq zərbə endirib.
"Marca" nəşri türkiyəli futbolçunun xarakterli oyun sərgilədiyini və "kral klubu"nu çiynində daşıdığını yazıb. Nəşr onun çıxışına 7 qiyməti verib.
AS nəşri Ardanın 55-ci dəqiqədə meydana daxil olduqdan sonra oyunun yönünün kökündən dəyişdiyini qeyd edib.
"Mundo Deportivo"da bu əvəzləmədən sonra "Real Madrid"in yarımmüdafiə xəttində topa nəzarət və keyfiyyətin təmin olunduğu vurğulanıb.
Sosial media istifadəçiləri isə başda Brahim Dias olmaqla, komandanın bəzi futbolçularının həlledici anlarda Ardaya ötürmə etmək əvəzinə daha pis varianta üstünlük verdiklərini iddia ediblər və bu davranışları kəskin tənqid ediblər.
Bir çox istifadəçi komandanın beyninin Gülər olduğunu bildirərək, baş məşqçi Karlo Ançelottini istefaya çağırıb.
Qeyd edək ki, finalın əlavə vaxtında 3:2 hesablı qələbə qazanan "Barselona" İspaniya Kubokunun 32 qat sahibi olub.