
Azərbaycan I Liqasının XXIII turunda “İmişli” səfərdə “Zaqatala”ya 2:0 hesabı ilə qalib gələrək mövsümün sonuna 4 tur qalmış Premyer Liqaya vəsiqəni təmin edib. Qalan iki vəsiqəyə isə çempion “Qəbələ” və “Karvan” sahib olub.
Sportnet.az xəbər verir ki, “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov Teleqraf-a müsahibəsində Premyer Liqaya infrastruktur və heyət baxımından tam hazırlıqlı olmaq üçün əllərindən gələni edəcəklərini bildirib:
- Cari mövsüm öncəsi “İmişli” baş məşqçi dəyişikliyi, stadionla bağlı bəzi yeniliklər edərək uzunmüddətli planlar əsasında Premyer Liqaya yüksəliş hədəfini açıqladı. AFFA-nın komanda sayını artırması sayəsində bunun belə tez alınacağını gözləyirdinizmi?
- İlk günlərdən hədəfimiz Premyer Liqaya qalxmaq idi. Bunun bir az çətin olacağını bilrdik. Bu il AFFA İcraiyyə Komitəsinin komanda sayının artırılması barədə qərarı bizi sevindirdi və çempionata əlavə rəng qatdı. Daha əzmkar, daha mübariz çempionat izlədik. Əlbəttə, çempionatın bitməsinə 4 tur var. İlk üç yeri tutan komandaların adı bəllidir. Çempionatı ikinci yerdə bitirmək istəyindəyik. Bu, müəyyən mənada simvolik olsa da, bizim üçün hədəfdir. Hələ mübarizəmiz davam edir.
- Hazırda komanda ilə bağlı əsas prioritet nədir?
- Prioritetimiz Heydər Əliyev adına İmişli şəhər stadionunun Premyer Liqa səviyyəsinə çatdırılmasıdır. Rəqiblərimizi doğma azarkeşlərimiz önündə qəbul etmək istəyirik. Bunun üzərində iş gedir. AFFA ilə də bu mövzuda danışıqlarımız davam edir. Stadionun ot örtüyünü dəyişmək əsas hədəflərimizdən biridir. Digər məsələlər üzərində də çalışırıq. Həm Futbolun İnkişafı Fondu (FİF), həm AFFA, həm də Peşəkar Futbol Liqası (PFL) ilə görüşlərimiz olur. Yaxşı komanda qurmağı düşünürük. Başa düşürük ki, Premyer Liqa daha üst səviyyədədir. Futbolçularla bağlı hansısa addımlar atmamışıq. Çempionatı bitirdikdən sonra qərar verəcəyik. Yaxşı komanda formalaşdıraraq, bir çox klublara başağrı olacağımıza inanıram.
- Deyilənlərə görə, “İmişli” növbəti mövsüm Premyer Liqada rəqiblərini Bakıda, ya “ASCO Arena”, ya da “ASK Arena”da qəbul edəcək...
- Stadionla bağlı hələ qərar verilməyib. Başlıca niyyətimiz öz meydanımızda oynamaqdır. Bu, həm bizim, həm də azarkeşlərimizin istəyidir və düşünürəm ki, həm də indiyədək bizi dəstəkləyən azarkeşlərin haqqıdır. Tərəfdarlarımıza mənəvi borcumuz var. Çalışırq ki, onu icra edək.
- Mövsümün gedişində belə söz-söhbətlər yayıldı ki, komanda Premyer Liqaya qalxdıqdan sonra Fərid Namazova yox, daha təcrübəli baş məşqçiyə tapşırılacaq. Hansısa mütəxəssislə danışıqlar aparırsınız, yoxsa elə Namazovla yola davam edəcəksiniz?
- Fərid müəllimlə bağlı uzunmüddətli layihəmiz var. İstəyirik ki, Aran bölgəsində böyük futbol akademiyası yaradaq, əsas komandamız güclü olsun. Bütün bunlar üçün də onun potensialı var. Düzdür, gəncdir, oyundan-oyuna təcrübə qazanır. Bunu biz də hiss edirik, futbol ictimaiyyəti də təsdiq edər. Klub olaraq, Namazovun məşqçilik üzrə PRO kateqoriyası alması üçün müraciət etmişik. Artıq AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına qatılıb. Ölkəmizə peşəkar mütəxəssis qazandırmaq fikrindəyik. Hələlik bu istiqamətdə işlərimiz davam edir. Gələcəkdə necə olacaq, hansı çətinliklər və qərarlar veriləcək - bu barədə fikir bildirmək tezdir. Hədəfimiz və planımız Namazovla birlikdə indikindən daha əzmkar, mübariz komanda yaratmaqdır.
- ”Qəbələ” mövsümdə ilk dəfə XXII turda “İmişli”yə 0:1 hesabı ilə məğlub olub. Bu görüşdən sonra rəqib komandanın kapitanı Asif Məmmədov Teleqraf-a müsahibəsində İmişli şəhər stadionunda duş almağa su tapmadıqlarını, ot örtüyünün isə palçığa büründüyünü açıqlayıb. Onun sözlərinə görə, daha əvvəl rəqiblərinizi Şamaxı Olimpiya İdman Kompleksində qəbul etdiyiniz halda, sırf "Qəbələ" üçün uyğun olmayan bərbad ot örtüyündə çıxış etmək üçün meydanın yerini İmişliyə dəyişmisiniz. Bu iddialara cavabınız necədir?
- ”Qəbələ”yə böyük hörmətimiz var. Yaxşı infrastruktura malikdirlər. Amma yaxşı infrastruktur yaxşı oyun demək deyil. Premyer Liqada “Qəbələ”dəki kimi şərait heç bir komandada yoxdur. Lakin keçən il bu şəraitə baxmayaraq, elitanı tərk etdilər. Əlbəttə, bu, futboldur. Elə nüanslar var ki, ən yaxşı şəraiti olan komanda da bəzən uduzur. Çünki işlərini, oyun planını düzgün qurmur və uğursuzluğa düçar olurlar. Razıyam, bizim də stadionumuzda çatışmazlıqlar var. Bunları bilir və üzərində işləyirik. I Liqada həm komanda, həm infrastrukturla ciddi məşğul olmaq maddi baxımdan çətinliklər yaradır. Sizi əmin edirəm ki, Premyer Liqada heç bir problemimiz olmayacaq. Qələbə qazanmaq üçün bəhanə yox, motivasiya lazımdır. Bizim “Qəbələ” komandasına məğlub olmağımız üçün kifayət qədər bəhanəmiz vardı, amma əzmkarlıq göstərib qələbə qazandıq. Hər zaman bildirmişik ki, “Qəbələ” çox peşəkar klubdur, həmişə üst səviyyədə olub. Hər bir rəqibə, sonuncu yerlərdə olan “Difai”, “Qaradağ Lökbatan”a da hörmətlə yanaşırıq. İnfrastruktur Premyer Liqa komandalarında necədirsə, bizdə də ondan aşağı olmayacaq.
- Cari mövsüm azarkeş baxımından da “İmişli” aktivlik göstərdi. İnsanları stadiona dəvət etmək üçün hansısa əlavə vasitələr, konsert proqramları nəzərdə tutulubmu?
- ”Qəbələ” ilə oyunda FİF-in təşkilatçılığı ilə lotereyalar təşkil olunmuşdu. Qarşıda iki ev oyunumuz qalıb. Sonuncu ev matçında nə isə maraqlı layihə etməyi fikirləşirik.
- Lisenziya üçün AFFA-ya müraciət etmisiniz. Bu yöndə hansısa ciddi problem varmı?
- Heç bir problem yoxdur. Demək olar ki, lisenziya ilə təmin olunmuşuq. Mayın 8-də AFFA Lisenziyalaşdırma Komisiyyasının iclası keçiriləcək. Bütün lazımı məlumatları yükləmişik, hər biri də təsdiq olunub. Lakin həmin iclasdan sonra yekun qərar veriləcək. Böyük ehtimalla, lisenziya ilə təmin ediləcəyik.