
Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirin qalibi olub.
Sportnet.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmalarının mübarizə apardığı yarışda bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib çıxıb.
Milli üzvü Təmkin Xəlilzadə isə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, Azərbaycan yığması daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanır. Aprelin 30-da başlanacaq yarışda Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan seçmələri də mübarizə aparacaq. Turnirə mayın 1-də yekun vurulacaq.
Dünya çempionatı 22 may - 1 iyunda Milli Gimnastika Arenasında təşkil olunacaq.