
Braziliya Futbol Konfederasiyası (CBF) İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti ilə danışıqlarda irəliləyiş əldə edib.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Sezar Luis Merlo məlumat yayıb.
Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis təklifi qəbul edəcəyi təqdirdə, milli komandaların baş məşqçiləri arasında ən çox maaş alan olacaq.
"Sambaçılar" 66 yaşlı baş məşqçiyə "Real Madrid"də qazandığı qədər - illik 10 milyon avro ödəməyə hazırdır. Onunla DÇ-2030-a qədər davam edəcək müqavilə imzalanacaq.
Daha əvvəl Ançelottinin gələn həftə Madrid təmsilçisini tərk etməsinin mümkünlüyü bildirilirdi.
Məşhur insayder Fabritsio Romano məlumat yayıb ki, Braziliya yığması klublararası dünya çempionatı başlamazdan əvvəl Ançelottini millinin sükanı arxasına gətirmək istəyir.
Qeyd edək ki, Karlo Ançelottinin "Real Madrid"lə müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.