
“Həmin videoya qeyri-ciddi yanaşdım”.
Sportnet.az xəbər verir ki Bu sözləri teleqraf-a açıqlamasında “Qarabağ” və Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadənin atası, məşqçi Ələmdar Mustafazadə deyib.
Hazırda I Liqada mübarizə aparan “İmişli” klubunda məşqçi işləyən Mustafazadə Qurban Qurbanovun “Qarabağ”ın çempionluğu münasibətilə futbolçuları təbrik edərkən oğluna əl uzatmamasından narahat olmadığını bildirib.
O, həmin vaxt baş verənləri belə izah edib: “Mən orada qeyri-ciddi nə isə görmürəm. Bir qədər ajotaj yaradılması üçün həmin səhnə qabardılıb. İnanmıram ki, baş məşqçi oyunçusuna qarşı qəsdən elə rəftar etsin. Bəhlul deyir, ciddi heç nə yoxdur. Baş məşqçi ilə münasibətləri normaldır.
Oyundan sonra mehribancasına Bəhlulu təbrik edib. Dünən axı oynamırdı, stadionda olarkən təbrikləşiblər”.
Bəhlul Mustafazadənin atası futbolçunun yayda komandanı tərk etməyə namizədlər sırasında yer almasına dair iddialara da cavab verib: “Bəhlulun yayda komandadan ayrılacağı doğru deyil. Çünki o, son dönəmlər əsas heyətdə oynayır. Hətta bir çox hallarda kapitan kimi meydana çıxır. Özü də hiss edir və deyir ki, Qurban Qurbanovla münasibətləri yaxşıdır. Din məsələsi də cəfəngiyyatdır”.
Qeyd edək ki, Bəhlul Mustafazadə 2021-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Azərbaycan millisində də forma geyinən müdafiəçinin Ağdam təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdir.