
Kriştianu Ronaldu cari mövsümün sonunda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrıla bilər.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb 40 yaşlı hücumçunun komandanın uğursuz nəticələrinə olan narazılığıdır.
Mənbənin sözlərinə görə, tərəflər daha əvvəl yayda bitəcək müqaviləni iki il müddətinə uzadılması barədə razılığa gəliblər, lakin “Əl-Nəsr”in Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiyanın "Kavasaki Frontale" klubuna məğlub olması bunu təhlükə altına qoyub. Səudiyyə klubunun rəhbərliyinin Ronaldunun kuboklar qazanmasında köməyi ilə bağlı gözləntilərinin özünü doğrultmadığı vurğulanır.
Bundan əlavə, portuqaliyalı ulduz futbolçu Səudiyyə Ərəbistanı çempionatının XXX turunun “Əl-İttihad”la oyununda (2:3) məğlubiyyətə münasibəti “Əl-Nəsr” rəhbərliyinin xoşuna gəlməyib. Matçın bitməsindən dərhal sonra Ronaldu qəzəbli halda stadionu tərk edib.
Qeyd edək ki, Kriştianu Ronaldu 2022-ci ilin dekabrın 30-dan "Əl-Nəsr"in şərəfini qoruyur. O, cari mövsüm ərzində meydana çıxdığı 39 oyunda 33 qol və 4 məhsuldar ötürmə müəllifi olub.