
İspaniyanın “Barselona” klubu İngiltərə təmsilçisi “Mançester Siti”nin futbolçusu Erlin Holannı transfer etməyi planlaşdırır.
Sportnet.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı hücumçusu 2026-cı ilin yayında heyətinə qatmaq niyyətindədir.
Məlumata görə, “Barselona” artıq norveçli futbolçunun müqaviləsində göstərilən 175 milyon avroluq sərbəstqalma məbləğini ödəmək üçün vəsait toplamağa başlayıb. Bu məbləğ 2026-cı ilin yayında aktivləşdirilə bilər.
Holannın “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilə qədər qüvvədədir. Bəzi analitiklər bu müqavilədə sərbəstqalma bəndinin mövcudluğunu şübhə altına alsalar da, “El Nacional” həmin bəndin olduğunu və “Barselona”nın bu fürsətdən yararlanmağa qərar verdiyini bildirir.
Lakin transferin reallaşmasına klubun maliyyə durumu əngəl törədə bilər. Son dövrlərdə müəyyən irəliləyişlərə baxmayaraq, “Barselona” hələ də maaş limitləri və borc öhdəlikləri ilə üz-üzədir.
Mənbənin məlumatına görə, klub rəhbərliyi Holannı Robert Levandovski dövründən sonrakı komandanın yenidən qurulmasında əsas fiqur kimi görür. Levandovskinin “Barselona” ilə müqaviləsi məhz gələn yay başa çatır.
İddialara görə, Holannın özü də “Real Madrid"in marağına baxmayaraq, məhz “Barselona”ya keçməyə üstünlük verir.
Qeyd edək ki, Erlin Holann cari mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 41 oyunda iştirak edib və 30 qol vurub.