
"İl boyu çəkdiyimiz əziyyətin qarşılığını almaq möhtəşəmdir".
Bunu Sportnet.az açıqlamasında "Eqnatiya" klubunun heyətində Albaniya çempionu olan Azərbaycan milli komandasının futbolçusu Zamiq Əliyev deyib.
24 yaşlı müdafiəçi mövsümü iki kubokla başa vurduğunu söyləyib: "Çempion olmaq möhtəşəm hissdir. Burada keçirdiyim ilk mövsümümü iki kubokla başa vururam. Bunun önəmi və vacibliyi böyükdür.
Daha da önəmli olan isə Azərbaycan bayrağını burada dalğalandıraraq çempionluğu qeyd etməyimdir".
Qeyd edək ki, Zamiq Əliyev 2024-cü ilin yayında "Eqnatiya"ya keçib. Onun komandası cari mövsümdə Albaniya Super Kuboku və Albaniya çempionluğu qazanıb.