
"Hazırlıqlar artıq son mərhələyə çatır. Bu gün şəhərin sakinləri və qonaqları üçün Bulvar ərazisində "Fan Zona" açmışıq. Burada vətəndaşlar öz asudə vaxtlarını keçirə bilər. Düşünürəm ki, bu, mundiala marağı daha da artıracaq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Bulvar ərazisində təşkil olunan "Fan Zon"a ilə tanışlıq zamanı jurnalistlərə açıqlamasında deyib.
O, mundialın təşkil olunacağı Milli Gimnastika Arenasında son işlərin görüldüyünü bildirib: "Bir neçə günə tam hazır olacaq. Hesab edirik ki, mayın 19-da futbol veteranları arasında baş tutacaq oyun da azarkeşlər tərəfindən rəğbətlə qarşılanacaq. Ümumiyyətlə futbol ictimaiyyəti həmin matçı çox istəyir".
Məmmədov milli komandanın hazırlığını davam etdirdiyini söyləyib: "Bir neçə beynəlxalq turnirdə iştirak etmişik. Çempionatdan öncə son oyunumuzu Birləşmiş Ərəb Əmirliklərinin komandasına qarşı keçirəcəyik. Bəhreynlə açılış oyununa tam hazır olacağıq".
O, dünya çempionatında qalib olmaq istədiklərini açıqlayıb: "Turnir Bakıda keçirildiyi üçün azarkeşlərin gözləntisi çoxdur. Rəhbərlik olaraq bizim də gözləntilərimiz yüksəkdir. Əlbəttə ki, qalib olmaq istəyirik. Bunu da məqsəd kimi qoymuşuq.
Amma bu, dünya çempionatıdır. Rəqabət çoxdur. Hesab edirəm ki, "3-lüy"ə düşmək bizim üçün böyük uğur sayılacaq".