
Braziliya milli komandasının sabiq futbolçusu Lusio xəstəxanaya yerləşdirilib.
Sportnet.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, sabiq müdafiəçi bədəninin müxtəlif hissələrində yanıqlarla əlaqədar reanimasiyadadır.
47 yaşlı veteran oyunçu paytaxt Braziliadakı xəstəxanada müalicə kursu keçir. Onun vəziyyəti sabit olsa da, daimi nəzarət altındadır.
Lusio evində məişət hadisəsi nəticəsində xəsarət alıb. Yanıqların dərəcəsi və dəqiq səbəbi bilinmir.
Qeyd edək ki, Lusio DÇ-2002-də çempion olan Braziliya yığmasının əsas oyunçularından idi. 11 il ərzində o, millinin heyətində keçirdiyi 105 oyunda 4 qol müəllifi olub. Lusio 2006 - 2011-ci illərdə yığma komandanın kapitan sarğısını da daşıyıb. "Sambaçı" 2010-ci ildə İtaliya "İnter"inin heyətində UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.