
Azərbaycan Premyer Liqasında XXXV turun "Qarabağ" - "Kəpəz" oyunundan sonra mükafatlandırma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, təntənəli tədbirdə "Qarabağ" qızıl medal və çempionluq kubokuna qovuşub.
Mükafatlandırma mərasiminə AFFA-nın prezidenti Rövşən Nəcəf qatılmayıb. Əvəzində icraçı vitse-prezident Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov və "Qarabağ"ın prezidenti Tahir Gözəl podiuma dəvət olunub.
Əvvəlcə klubun inzibati-texniki heyəti təltif olunub. Daha sonra futbolçular medallarını almağa çıxıblar.
Sonda kapitan Bədavi Hüseynova çempionluq kuboku təqdim olunub və bu, "Azersun Arena"da atəşfəşanlıqla qeyd olunub.
Futbolçular və klub rəhbərliyi çempionluq kubokunu aldıqdan sonra tribunalardakı azarkeşlərə doğru gedərək, onlarla bölüşüblər.