
Serbiyanın şərqindəki Zayeçar şəhərində ultramüasir "Kralyevitsa" stadionu istifadəyə verilib.
Sportnet.az-ın məlumatına görə, 30 milyon avroya başa gələn arena 8 168 tamaşaçı tutumuna malikdir.
Burada ölkə kubokunun "Voyvodina" - "Srvena Zvezda" finalı keçiriləcək.
İndiyədək Serbiyanın yüksək liqasında Zayeçarın heç bir komandası olmayıb. Artıq şəhəri təmsil edən "Timok" klubu yeni stadionla Superliqaya doğru addım ara bilər. Hazırda bu klub səviyyəcə dördüncü divizionda mübarizə aparır. "Timok" iki mövsüm öncə ikinci liqada çıxış etsə də, Zayeçar şəhər büdcəsindən maliyyə az verildiyi üçün rəqabətə davam gətirə bilməyib.
Kralyevitsa stadionunda 20 giriş, 24 qidalanma məntəqəsi, xeyli televizor var. Habelə, arenanın VIP girişləri və 180 maşınlıq parklanma sahəsi mövcuddur. Burada media nümayəndələri üçün gözəl iş şəraiti yaradılıb, müasir standartlara cavab verən antidopinq nəzarəti otağı fəaliyyət göstərir. Ərazinin 70 faizi müasir hibrid ötrükdən ibarətdir.
Klub prezidenti Milorad Vuçkoviç ilin sonunadək borclardan qurtulacaqlarını və klubu maliyyə cəhətdən qaydasına salacaqlarını bildirib.
Serbiyada II Liqada oynamaq üçün 500 min avroyadək vəsait tələb olunur. Ölkənin şərqindəki bütün komandalar maliyyə problemləri üzündən ikinci liqadan eniblər. "Timok" da iki dəfə belə aqibəti yaşayıb. Klub rəhbərliyi sponsor taparaq, Liqa 2-də çıxış etmək niyyətindədir.
Qeyd edək ki, stadion "Kralyevitsa" adını yaxınlıqdakı eyniadlı meşə parkından alıb.