
"AFFA-nın yeni rəhbərliyi çalışır kı, yaxşı nəticələr əldə etsin".
Bunu Sportnet.az-a açıqlamasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov tələbələr arasında keçirilən futzal çempionatının final qarşılaşmasından sonra deyib.
AFFA İcraiyyə Komitəsinin sabiq üzvü milli assosiasiyanın atdığı addımların futbolun inkişafını təmin edəcəyini söyləyib: "Hesab edirəm ki, hələ az vaxt keçib. Yəqin ki, bundan sonra atılan addımlar Azərbaycan futbolunun inkişafını təmin edəcək. Futbol dünyanın ən kütləvi və nüfuzlu idman növüdür. Buna görə də ölkəmizdə futbola xüsusi diqqət yetirilir. Yeni infrastukturlar, stadionları qeyd etmək olar".
Qurbanov Elm və Təhsil Nazirliyi sistemində Uşaq-Gənclər İdman Şahmat məktəblərinin fəaliyyət göstərdiyini bildirib: "Demək olar ki, bir çox bölgələrdə bu məktəblər var və dərsdən sonra şagirdlər onlardan istifadə edirlər. Orada da nailiyyətlərimiz var. Bundan sonra da bu mərkəzlərə diqqət göstəriləcək.
Əsas məqsəd uşaqların idmana cəlb olunmasıdır. Çünki onların sağlamlığı bizim dövlətimizin əsas siyasətidir.Uşaqların zərərli vərdişlərdən uzaq olması üçün bədən tərbiyəsi və idmana cəlb etmək bizim üçün prioritetdir".