
"Kəpəz" klubunun futbolçusu Nihad İsaqov Azərbaycan Premyer Liqasında 17 yaş 29 günündə ikən debüt edib. Yeniyetmə müdafiəçinin elitada ilk oyunu XXXV turun "Qarabağ"la səfər matçına təsadüf edib. O, 84-cü dəqiqədə meydana daxil olub. Qarşılaşma "Kəpəz" komandasının 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Oyundan sonra İsaqov Sportnet.az-ın "Tanıtım" layihəsi üçün müsahibə verib:
- Əvvəlcə karyeranız barədə məlumat verərdiniz: Necə oldu ki, futbolu seçdiniz və əsas komandayadək harada çıxış etmisiniz?
- Atam 8 yasimda məni İntiqam Səmədov və İlham Səmədovun yanına apardı. İki ilədək Gəncə komandasında olduqdan sonra "Qəbələ" Futbol Akademiyasindan təklif aldım və orada da iki ilədək hazırlıq keçdim. Daha sonra mənə doğma-əziz olan "Kəpəz"dən təklif gəldi. Əsasən də İbrahim Hüseynovun istəyi ilə 13 yaşımda U-15 liqasında oyunlara çıxdım. "Kəpəz"də İbrahim müəllimin və digər məşqçilərin əziyyəti çoxdur. Bu mövsümün əvvəlində isə məşqçi Xalıq Mərdanovun istəyi ilə əvəzedici komandaya qoşuldum.
- Nə vaxt əsas komandaya cəlb olunmusunuz?
- İki ildir hərdən çağırılıram. Son vaxtlar isə baş məşqçimiz Azər Bağırov məni daha çox məşqlərə çağırır.
- "Qarabağ"a qarşı oynamağınız sizin üçün sürpriz olmadı?
- Bir az sürpriz oldu. Eyni zamanda həyəcan da var idi. Debüt oyunum "Qarabağ" kimi böyük kluba qarşı oldu. Meydana daxil olanda isə həyəcanım artıq itmişdi.
- Kumiriniz kimdir?
- Filipe Koutinyo.
- Hansı mövqeyi özünüzə daha uyğun sayırsınız?
- Mərkəzdə 8 nömrəli futbolçu kimi oynamağı özümə daha uyğun bilirəm.
- Azərbaycanın U-16 millisinə çağırılmağınız üçün tezdir, yoxsa özünüzü ora hazır sayırsınız?
- U-15, U-16 və U-17 millisində olmuşam. Sadəcə, son iki toplanışa dəvət almıram. Səbəbini bilmirəm, məşqçilərin qərarıdır. Amma mən özümü hazır hiss edirəm. Millidə oynamaq hər bir futbolçunun arzusudur.
Haşım MƏMMƏDOV